Təbii fəlakət nəticəsində 22 nəfər ölüb - HİNDİSTANDA

Təbii fəlakət nəticəsində 22 nəfər ölüb - HİNDİSTANDA

Hindistanın Mumbay şəhərində mövsüm yağışları nəticəsində yaranan torpaq sürüşmələri, ağacların aşması, elektrik qısaqapanması ötən sutka ərzində 22 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına səbəb olub. SİA yerli mediaya istinadla xəbər verir ki, Mumbayın Çembur rayonunun Mahul kəndində torpaq sürüşməsi iri ağacın yanaşı olan bir neçə evin üzərinə aşmasına səbəb olub. Nəticədə dağıntılar altında qalan 17 nəfər ölüb. Təbii fəlakət nəticəsində 2 nəfər də xəsarət alıb. Suryanaqar yaşayış məntəqəsində evlərin uçması nəticəsində 3 nəfər, Bhandurda isə bir nəfər ölüb. Çandivalidə isə oxşar hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Daha bir nəfər isə elektrik qısaqapanmasından vəfat edib.
Hökumət rəsmiləri ölənlərin ailələrinə 200 min rupi (təxminən 6700 ABŞ dolları), xəsarət alanlara isə 50 min rupi (670 dollar) yardım ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Mumbay şəhərində bir neçə gündür müşahidə olunan mövsüm yağışları sel, daşqın, torpaq sürüşmələri meydana gətirib. Nəticədə yaşayış məntəqələrini, əkin sahələrini, kommunikasiya xətlərini su basıb. Qatarların hərəkəti iflic olub. Hindistanın meteorologiya xidməti şiddətli yağışlarla əlaqədar xəbərdarlıq elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə