“Qoy, hələ bir Makron gəlsin…”

“Qoy, hələ bir Makron gəlsin…”

…Ayə, bu nətər olur, erməni ordan deyir ki, ruslar bizim “böyük qardaşımızdır”, onları heç kimə dəyişmərik… Bu yandan da durub deyirlər ki, fransızlar ermənilərə daha çox “sayqı” göstərirlər deyə, onlar bizim üçün daha önəmlidirlər.

…O gün Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronun Ermənistana gələcəyini deyəndən sonra, düşüblər üstünə ki, ruslara bel bağlamaq olmaz, ona görə də fransızlar bizim balaca bacı kimi “nazımızı çəkdiklərinə görə”, onlarla əməkdaşlıq etməkdən imtina bizim üçün axmaqlıq olar.

Əslində, mən ermənilərin ruslara qarşı beliqırıqlığının günahkarı kimi, hər şeydən əvvəl rusiyalı deputat, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikovu “görürəm”. Çünki rusiyalı deputat ötən günlərin birində yerli nəşrlərə verdiyi müsahibələrinin birində, “…mən ermənilərin qəlbinə girmək istəmirəm və əgər onların türklərlə problemləri varsa, qoy gedib özləri məşğul olsunlar” – deməsi olub.

Təbii ki, erməni kimi “məğrur bir xalq bunu həzm edə bilməz”. Gərək Kalaşnikov da bunu nəzərə alaydı. Amma təəssüf ki, almaq istəməyib.

Məsələ bundadır ki, erməni məntiqinə görə, “məğrur bir xalq” haqqında bu cümləni işlədən Kalaşnikov bu sözləri deməklə, təkcə erməni qəlbinə girməyib, sadəcə olaraq, o, həm də erməni qəlbinə tüpürməyə qərar verib. Deyim ki, bunu deyən ermənilər adamda inanmamağa yer qoymurlar.

… Rusiya ilə Türkiyənin əvvəllər heç vaxt indiki qədər məhsuldar münasibətdə olmadığını bəyan edən rusiyalı deputatın dediyindən belə başa düşülür ki, ruslar hazırda adı it dəftərində belə olmayan Ermənistana görə, türklərlə münasibətləri pozmaq istəmirlər: “…Yaxşı, Rusiyanın Ermənistan qarşısında götürdüyü öhdəlik və müttəfiq münasibətləri bir anlığa unudaq. İndi Kalaşnikov biz erməniləri başa salsın görək, Türkiyə ilə Rusiya arasında hansı məhsuldar əlaqələr mövcuddur?” Əsl erməni sualıdır.

Təbii ki, erməni düşüncəsinə görə, Kalaşnikov dediyi məhsuldar əlaqələrlə bağlı heç bir nümunə gətirə bilməz. Amma ermənilər türklərin ruslara etdikləri “haqsızlıqlar barədə” kifayət qədər nümunələr gətirə bilərlər.

Ermənilərə görə, əslində rusların ermənilərə qarşı etdikləri “haqsızlıqların” kökündə “Ermənistandakı demokrarık ideyaların” onların ölkəsinə, yəni Rusiyaya sirayət etmək “qorxusu dayanır”(?). Bundan əlavə, maraqlıdır ki, ermənilər rusiyalı biri üçün öz ölkəsinin maraqlarının başqa bir ölkənin, deyək ki, elə Ermənistanın maraqlarından daha vacib olduğunu qəbul etmək istəmirlər: “Əslində Dövlət Dumasının MDB işləri komitəsinin sədri öz müsahibəsində ölkəsinin maraqlarının Ermənistanla üst-üstə düşmədiyini etiraf edir”. Bunu da ermənilər deyir. Amma onların düşüncəsinə görə, bu, belə olmamalıdır…

Məhz bunları əsas gətirən ermənilər sanki bununla “günahın onlardan keçdiyini” demək istəyirlər.

“…Qoy, hələ bir Makron gəlsin…amma ruslar Ermənistana göstərdikləri sayqısızlığa, Ermənistanı itirdiklərinə görə, peşimançılıqları qarşıdakı illərdə çəkəcəklər…”

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə