Möcüzələr ölkəsi Əfqanıstan və Taliban - QISA TANIŞLIQ

Möcüzələr ölkəsi Əfqanıstan və Taliban - QISA TANIŞLIQ

Bu gün Əfqanıstanda vəziyyət qeyri-stabildir. 1979-cu ildə Sovet qoşunlarının bu ölkəyə "köməyə", "dost yardımı"na tələsməsi Əfqanıstanda 43 ildir davam edən müharibənin əsasını qoydu. Brejnyevin əmri ilə Asiyanın kasıb ölkəsinə daxil olan və 10 il darmadağına, insan ölümlərinə bais olan Sovet qoşunları Qorbaçovun əmri ilə Əfqanıstandan çıxarıldı. Amma rəsmi Moskva bir nəfərin hakimiyyətə gətirilməsi bəhanəsi ilə işğal etdiyi Əfqanıstandan başıaşağı çıxdı.

SSRİ-nin Əfqanıstanı tərk etməsindən sonra meydanı boş görən ABŞ ordusu öz gücünü sınamaq qərarına gəldi və yenə Sovet ordusunun aqibətini yaşadı. Budur, ABŞ və müttəfiqlərinin ordusu sentyabr ayına qədər bu ölkəni tərk etməlidir və edir. Artıq ordunun 85 faizi Əfqanıstandan çıxarılıb.

Bu dəfə isə dövrəyə köhnə-yeni aktorlar daxil olub. 1994-cü ildə yaradılan, 6 il Əfqanıstanı uğursuz idarə edən Taliban hərəkatı ölkənin xeyli hissəsini ələ keçirib. Ölkədə islam əmirliyinin yarandığını elan edib. Düzdür Əfqanıstanın qanuni prezidenti Məhəmməd Əşrəf Qəni əfqan xalqını ölkədə təhlükəsizliklə bağlı vəziyyətin üç ay ərzində düzələcəyinə əmin edib. Amma real vəziyyət hər an dəyişə bilər.

Bəs Taliban hərəkatı nədir və dünya ölkələrinin terror təşkilatı kimi tanıdığı talibançılar kimdir?

Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə Şeyx Məhəmməd Omərin başçılığı altında 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılıb.

Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı.

Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.

Taliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya, musiqi və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı (ağ rəng – taliban hərəkatının bayrağıdır), açıq formada seks və bu kimi mövzular danışmaq qadağandır. Kişilərə müəyyən uzunluqda saqqal saxlamaq lazımdır. Qadınlara işləmək, kişi cinsi tərəfindən həkim müayinəsindən keçmək, ictimai yerlərdə həyat yoldaşı və ya kişi cinsindən olan qohumsuz görünmək qadağandır. Bütün bunlar qadınların təhsil ocaqlarında rolunu hiss ediləcək dərəcədə azalmışdır. 2001-ci ildə qızların 1%-i orta məktəblərdə təhsil alırdı.

Talibanların hakimiyyəti zamanı orta əsr cəza növləri yeridilmişdi: oğurluğa görə bir və ya iki əl kəsilirdi və s. Talibanlar digər dinin nümayəndələrinə və onların mədəniyyətinə qarşı olduqca aqressiv mövqedədirlər. Belə ki, talibanlar Əfqanıstanı idarə etdikləri dövrdə Buddanı canlandıran, III və VI əsrlərə aid ən böyük buddist abidəsini məhv etmişlər. Bundan əlavə İslamın sələfi qoluna məxsus olduqlarına görə şiələri təqib edirdilər.

Talibanlar qadınların təhsil almasının qadağan olunması tərəfdarları kimi çıxış edirlər. Hücum obyektləri bir çox hallarda qadınların oxudugu qərb yönümlü məktəblərə olurdu. Yalnız 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib.

Təşkilatın yaradıcısı - Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul olub. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat edir. Anası mərhumun qardaşına ərə gedir. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsəyir. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anlayır. SSRİ-Əfqanıstan müharibəsində iştirak edir. O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşulur. Cəbhədə üç dəfə yaralanır. Gözünü itirir, lakin silahdaşlarının hörmətini qazanır. Qiyamçıların öhdəsindən gələ bilməyən Qızıl Ordunun 1989-cu ildə gedişindən və 1992-ci ildə sovet rejimi çökəndən sonra Molla Ömər təhsilə qayıdır.

“Taliban” hərəkatı əvvəlcə Hindistanın şimal qonşuya istənilən təsirinin qabağını almağa çalışan Pakistanın irimiqyaslı strateji niyyətlərinin girovuna çevrilir. Hər şey yetərincə yaxşı başlayır. Hərəkat məyus olmuş insanları “Dünya və Quran” şüarı ilə öz tərəfinə çəkib 1994-cü ildə üsyana qalxır və Qəndəharı asanlıqla öz nəzarətinə götürür. Molla Ömər əfsanəsi elə o zaman doğulur. O, 1996-cı ildə bir neçə yüz mömini Məhəmməd peyğəmbərin əbasının qayğı ilə saxlandığı Qəndəhar məscidinin yanına toplayır və əbaya bürünür. O anda “əmir əl-möminin” rütbəsini qəbul edir. Onun taleyi müstəsnalıq xarakteri qazanır. Bir neçə aydan sonra - 1996-cı ilin sentyabrında Kabil çökür və taliblər zəfərlə paytaxta girirlər. Cəmi iki ildən sonra Əfqanıstanın böyük hissəsi nəzarətə götürülür – komandir Məsudun müqavimət təşkil etməyə çalışdığı Pancər dərəsindən başqa.

İndiyədək onun öldürüldüyü və ya həbs olunduğu barədə bir neçə dəfə yanlış məlumat yayılıb.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə