“Taliban Əfqanıstanda sərt şəriət qanunlarını tətbiq edir...”

“Taliban Əfqanıstanda sərt şəriət qanunlarını tətbiq edir...”

Beləliklə, ABŞ hərbçilərinin Əfqanıstandan çıxmasından bir müddət sonra “Taliban” silahlıları tərəfindən nəzarət altına alınan ərazilərdə artıq sərt şəriət qaydaları tətbiq olunmağa başlanılıb. SİA bu barədə gündəlik “The Hindu Times” qəzetində dərc edilən geniş həcmli yazıya istinad edir.

Qəzetin yazdığına görə, “Taliban”nın 1996-2001-ci illərdə Əfqanıstanı idarə edərkən tətbiq etdiyi şəriət qaydaları, indi yenidən, özü də daha sərt şəkildə “qayıdır”. Belə ki, “Taliban” silahlılarının hələ ki, ölkənin şimalındakı ucqar bölgələrə payladığı bəyannamələrdə kişilərin saqqallarını qırxmaları, qadının kişi müşayiəti olmadan çölə çıxmaları yasaqlanır. Bundan əlavə, yerli sakinlərin siqaret çəkməsi də qadağan edilir.

Qeyd edək ki, “Taliban” Əfqanıstanın dövlət rəmzlərinə qarşı da hörmətsizlik, mən deyərdim ki, lap nifrət nümayiş etdirib. Belə ki, “Taliban” bundan sonra artıq gənclərə Əfqanıstan bayrağında olduğuna görə, yaşıl və qırmızı paltarlar geyinməyi yasaqlayıb.

Deyilənə görə, şəriət qaydalarını pozanların hamısına qarşı ciddi mübarizə aparılacaq. Bildirək ki, yerli əhali arasında xüsusi narahatlıq doğuran məsələlərdən biri də, “Taliban” yaraqlılarının yerli qadınlarla məcburi evləndirilməsidir.

Bildirək ki, bu gün artıq Amerika qüvvələrindən dəstək almayan Əfqanıstan silahlı qüvvələrinin hərbçiləri geri çəkilirlər. Amma maraqlısı budur ki, onlar geri çəkilmək məcburiyyətində qalsalar da, amma məğlubiyyətlərini qəbul etmək istəmirlər. Onlar hətta, son üç gün ərzində təkcə ölkə daxilində 1400-dən çox “Taliban” döyüşçüsünü öldürdüklərini iddia edirlər.

Bu arada ABŞ səlahiyyətliləri vaxtilə Amerika əsgərləri ilə əməkdaşlıq edən yerli əfqan tərcüməçiləri “Taliban” tərəfindən gözləyən təhlükəd'n qorumaq üçün, onların ölkədən çıxarılması istiqamətində fəaliyyətə başlayıblar. Belə ki, Pentaqon sözçüsü Con Kirbi ABŞ prezidenti Cozef Bayden administrasiyasını iyul ayının sonuna qədər əfqan tərcüməçilərinin ölkədən çıxarılması istiqamətində əməliyyat planlaşdırdığını bildirib. Deyilənə görə, hazırda əfqan tərcüməçilərinə Amerika vizaları paylanılır.

Yeri gəlmişkən bildirək ki, əfqanların “Taliban” təhlükəsindən qaçaraq Tacikistanda qaçqın axınına səbəb olduqları barədə deyilənlər də, özünü doğrultmayıb. Belə ki, rəsmi Düşənbə bir müddət bundan əvvəl Tacikistan sərhədini keçən əfqanların artıq geriyə - öz ölkələrinə qaytarıldığını bildirib. Düşənbədən verilən xəbərə görə, bu gün Tacikistan ərazisində yalnız 13 iyulda sərhədi keçən etnik qırğızlar qalırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə