“Nikola qarşı mübarizəmizi davam etdirəcəyik…”

“Nikola qarşı mübarizəmizi davam etdirəcəyik…”

“…Bu gün Ermənistanda xaos yaşanır. Hakimiyyət “Hayastan” blokundan olanlar, bu blok üzvləri ilə hətta təmasda olanlar saxta və uydurma ittihamlarla həbs olunurlar”.

Bu fikirləri “Hayastan” blokunun üzvü, ARF Daşnaksütyun ali qurumunun üzvü İşxan Saqatelyan ötən gün Ermənistanın Meqri bələdiyyəinin meri Mxitar Zakaryanın həbsinə diqqət çəkərək bildirib.

Xatırladaq ki, biz bir müddət bundan əvvəl erkən seçkilər zamanı Robert Koçaryanı təbliğ etdiyinə görə, Sünik bölgəsinin Vorotan kənd başçısı Suren Ohancanyanın da həbs edildiyi barədə məlumat vermişdik. Maraqlıdır ki, Saqatelyan Mxitar kimi Surenin də “günahsız” olduğunu bildirib. Onun sözlərinə görə, Suren Ohancanyan həbs edilərkən “uşaqlarının canından tutmuş, atasının goruna” qədər and içərək Paşinyan səlahiyyətlilərini dayandırmağa çalışıb. Amma silahlı səlahiyyətlilər onun nə andına, nə də “artsax”müharibəsi iştirakçısı olduğunu nəzərə almayaraq, onu qandallayıblar.

Saqatelyan bu gün Nikolun daha çox Ermənistanın Sünik bölgəsi icmalarının rəhbərlərinə qarşı geniş bir kampaniya başladıldığını bildirib. Maraqlıdır ki, o bunu bu gün Sünikin “həssas bölgə” olması ilə əlaqələndirib.

Nikol səlahiyyətlilərinin bu addımlarının ölkədə yeni bir böhrana gətirib çıxaracağını bildirən erməni müxalifətçi bütün qanunsuz təzahürlərə baxmayaraq, mövcud hakimiyyətin qələbə qazana bilməyəcəyini deyib.

Maraqlıdır ki, bu gün Ermənistandakı əsas hadisələrin Sünik və Tavuş bölgələrində yaşandığını bildirən Saqatelyan bu hərəkətləri yaxın gələcəkdə baş verməli olacaq hadisələrlə əlaqələndirir. Onun fikrincə, Nikolun bu bölgədəki hərbi erməni personalının vəzifələrindən kənarlaşdırılması da “ölkə üçün təhlükə” törədə bilər.

Bütün bu hərəkətlərin Ermənistanda bir nəfərin, yəni Nikol Paşinyanın diktaturasını qurmağa hesablandığını deyən Daşnaksütyun üzvü təmsil olunduğu “Hayastan” blokunun ümumi mübarizəni davam etdirərək tərəfdar və üzvlərini bundan sonra da dəstəkləyəcəyini bildirib.

…Xatırladaq ki, ötən gün maskalı və əli silahlılar güc və şiddət tətbiq edərək Meqrinin bələdiyyə başçısı Mxitar Zakaryanı yerli sakinlərin gözü qarşısında yerə yıxaraq, sürükləyiblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə