Latviyanın sərhədlərini finlər qoruyacaq

Latviyanın sərhədlərini finlər qoruyacaq

Latviya hökuməti Belarusiya ilə sərhədlərin mühafizə olunması üçün Finlandiya hökumətindən yardım istəyib. Belə görünür ki, qonşu dövlətin müraciətinə biganə qalmayan Helsinki Latviya sərhədinə fin sərhədçiləri göndərməyə qərar verib. SİA bu barədə TASS agentliyinə istinad edir.

Qeyd edək ki, Latviya hökuməti bir müddət bundan əvvəl Belarusiya ilə dövlət sərhədinin mühafizəsi üçün 24 “Frontex” mütəxəssisinin xidmətindən yayaylanmaq istədiyini bildirmişdi.

Burada onu da bildirək ki, “Frontex” Avropa Birliyinin xarici sərhəd təhlükəsizliyi agentliyidir. Agentlik Avropa Parlamentinin müvafiq qərarı ilə 2016-cı ilin sentyabrında, yəni Avropada miqrasiya böhranı başladıqdan sonra yaradılıb.

Yeri gəlmişkən deyim ki, Latviya Sərhəd Mühafizəsi əvvəllər Belarusiya ilə sərhəddə mövcud olan sərhəd pozuntularına kömək üçün ölkənin Milli Silahlı Qüvvə və Müdafiə Nazirliyinə müraciət etmişdi. Belə görünür ki, müraciət yetərincə təmin edilməyib.

Xatırladaq ki, son vaxtlar Latviyaya qonşu Litva ərazisinə də Belarusiya ilə sərhəddən qanunsuz miqrantların daxil olması halları artıb. Belə ki, ilin əvvəlindən bu yana bu ölkə ərazisində belaruslardan başqa, həm də Asiya ölkələrindən olan 1,4 mindən çox qanunsuz miqrant tutulub. Bildirək ki, bu, 2020-ci ilə nisbətən 17,5 dəfə çoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə