“Nikol Ermənistanda öz diktaturasını qurmağa çalışır…”

“Nikol Ermənistanda öz diktaturasını qurmağa çalışır…”

“Ermənistandakı erkən parlament seçkiləri ölkədəki daxili siyasi böhranı həll edə bilmədi. Bu səbəbdən bütün mümkün siyasi mübarizə vasitələrindən istifadə edərək xain hakimiyyəti aradan qaldırmaq üçün mübarizəmizi davam etdirəcəyik, yəni bu istiqamətdə hakimiyyətə qarşı radikal müxalifət kimi davranacağıq”

Qeyd edim ki, bu fikirləri “Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Saqatelyan erməni jurnalistlərə verdiyi açıqlamada səsləndirib.

Onun fikrincə, erməniləri məğlubiyyətə sürükləyən hakimiyyət, erkən inzibati və maliyyə rıçaqlarından kütləvi şəkildə istifadə edərək saxta yolla hakimiyyəti ələ alıb.

Partiya təmsilçisinin fikrincə, seçkidən sonrakı dövrdə Nikol hakimiyyəti cəmiyyəti parçalayaraq təqiblərə start verib. Belə ki, o hazırda Qarabağ probleminə məhəl qoymur, ölkənin təhlükəsizlik sistemini və milli dəyərlərini bilərəkdən məhv etmək siyasətini davam etdirir. Bütün bunlara qarşı “barışmaz” olacaqlarını bildirən Saqatelyan Ermənistanda Nikolun qurmaq istədiyi diktatura rejiminə qarşı barışmaz olacaqlarını bildirib.

Bundan əlavə, bu gün Ermənistanda repressiyaların davam etdiyini deyən partiya təmsilçisi hazırda ölkədə təqibə məruz qalanların əsasən seçkidə Nikola səs verməyənlər olduğunu bildirir.

Saqatelyanın sözlərinə görə, bu gün seçilmiş icma başçılarına qarşı qanunsuz təzyiqlər davam edir ki, bu da Nikol tərəfindən yerli özünüidarə institutunun məhvinə hesablanıb: “Hakimiyyət orqanları bəyənmədikləri icma rəhbərlərini istefaya təhrik edib, onların yerinə özlərinə tabe olacaq müvəqqəti fəaliyyət vəzifələrini təyin etmək istəyirlər”.

Maraqlıdır ki, Saqatelyan bütün yaşananların başında Nikolun dayanaraq ölkədə bir nəfərin, yəni özünün diktaturasını qurmağa çalışdığını deyir.

Yeri gəlmişkən bildirim ki, erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərən “Daşnaksutyun”un bu gün nəyi dəyişsə də, amma onların tələbləri, yəni Türkiyənin şərqindəki 7 vilayətin Ermənistana verilməsi “tələbi” dəyişməyib. Qeyd edim ki, onlar Azərbaycana qarşı da ərazi iddia edirlər. Lakin buna baxmayara, dediyimiz kimi, erməni diasporunun olduğu bütün ölkələrdə “mövcudluğunu qoruyan” “Daşnaksutyun” belə görünür ki, Ermənistanda elə də bir nüfuza sahib deyil. Əslində mən bunu Ermənistandakı son seçkilərdə onlara qarşı olan “münasibətə” istinadən deyirəm.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə