Deyəsən, bunların yenidən qanı çalxalanır… Məgər mən demirdim ki, Robert Koçaryan elə-belə ermənilərdən deyil, yəni o, “…arxalı köpək…” prinsipini əsas tutub “dinc dayanmayacaq”. Odur ey, erməni MSK-nın erkən parlament seçkilərindəki nəticələrinin saxtakarlığı ilə bağlı konstitusiya məhkəməsinə şikayətçi düşüb. Hətta, utanmadan “Hayastan” blokunun qalib olduğunu da iddia edir. Budur, Robert artıq özünə Vardan Ayvazyan adlı təcrübəli bir “hüquq müəllimi” də qoşub. O da Koçaryana “qahmar çıxmaq” üçün özünü “oda-közə” vurur.
Amma, insafla desək, “savadlı erməniyə” oxşayır. Belə ki, bunu onun Koçaryana verdiyi tövsiyələrdə də sezmək olar.
Məsələn, Roberti şikayətçi düşməkdə “haqlı bilən” Vardan Ayvazyan onu başa salmağa çalışır ki, bizim konstitusiya məhkəməmiz sənin şikayətinlə bağlı iki qərar qəbul edə bilər: birincisi - seçki nəticələrini etibarsız hesab edə bilər, ikincisi - nəticələri olduğu kimi buraxar. Vardana görə, nəticələri etibarsız hesab etmək üçün Robert seçki saxtakarlığının nəticələrini sübut etməlidir.
Əslində, indiki Ermənistan şəraitində məncə bu Robert üçün elə də “böyük bir” problem yaratmamalıdır (?). Bəlkə də, Robert “təkan verib” Nikolun 53.9 faiz səslə deyil, daha az səslə qalib gəldiyini “sübut etsə”, deməli, Paşinyanın “küməsi batacaq”. Yəni bu halda konstitusiya məhkəməsi seçkiləri etibarsız elan edəcək.
Hə…Deməli, ölkə artıq yeni seçkilər keçirməli olacaq… yəni yenidən təbliğat aparılacaq və eyni partiyalar yenidən seçkilərə qatılacaq. Təbii ki, Robertə ümid verən Vardana görə, bu dəfə “Hayastan”ın qalib gələcəyi şəksizdir.
Hələ bu harasıdır… Vardan “qalib” Robertə öz məsləhətlərini verərək deyir ki, sən hakimiyyətə gələndən sonra, lap bəd ayaqda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa da razılıq verə bilər. Amma bir şərtlə, yəni Ermənistan “Artsax” olmadan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər (?).
Erməni düşüncəsinə görə, “Artsaxı” Azərbaycanın bir hissəsi kimi tanımağın qanuni əsası yoxdur. Çünki, “Artsax” heç vaxt Azərbaycanın bir hissəsi olmayıb (?).
Maraqlıdır, görən, Vardan öz dediklərinə inanır, yoxsa, Robert kimi ermənilərin yanında özünü “şirin” salmağa çalışır?
Amma o da maraqlıdır ki, erməni “müəllim” bu məsələdə bütün qanunların Azərbaycan tərəfində olduğunu etiraf etməklə, erməni səlahiyyətlilərinin “vicdan və ləyaqətə” sahib olaraq bunun üzərində işləyəcəklərinə ümid etmədiyini bildirir.
…Deyəsən mən, sonda dedikləri ilə özünü elə indidən sığorta etdirməyə çalışan Vardana “savadlı erməni müəllimi” demək istəmişdim. Xahiş edirəm özünü “ali məktəb müəllim” kimi təqdim edən Vardana müəllimdən başqa nə deyirsiniz deyin…
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB