“KTMT-ni cəhənnəmə göndərməyin vaxtı çatıb...”

Ermənilər indi də Stanislav Zasa “meydan oxuyurlar”?
“KTMT-ni cəhənnəmə göndərməyin vaxtı çatıb...”

Yox, yox... siz belə şeylərə qol qoymayın. Bu nə təklifdir? Ermənistanın KTMT-dən çıxmasını Paşinyandan israr etmək nə demək? Siz, KTMT-də təmsil olunan başqa dövlətləri düşünmürsünüzmü? Sizin bu təşkilatda yoxluğunuz, KTMT-nin belini qırmış olar. Siz bunları fikirləşmisinizmi? Məgər siz ermənilər bu təşkilatın məhz “sizin sayənizdə duruş gətirdiyini” anlamırsınızmı? İndi siz təşkilatın nizamnaməsinə istinad edərək “təcavüzə məruz qaldığınız” halda təşkilatın sizə kömək etmədiyini göstərərirsiniz.

...Doğrudan da, təəccüblüdür, “haqq-ədalət sizin tərəfdə”, qonşu ölkənin əsgərləri sizdə icazə almadan “sizin ərazilərinizdə”, amma KTMT-nin heç tükü də tərpənmir. Əslində, “başı zillətlər çəkmiş əzabkeş millətə qarşı” bu böyük bir haqsızlıqdır. Amma buna baxmayaraq, əlinizdə əsaslı faktlar ola-ola, KTMT isə hələ də siz erməniləri “haqlı saymaq” istəmir.

O gün, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan özü bir-bir sayıb. Deyir ki, hazırda ermənilərin “əzəli və əbədi” torpaqlarında 1000-ə qədər Azərbaycan əsgəri heç bir “qorxu-hürkü” hiss etmədən gəzirlər. Təşkilatın baş katibi Stanislav Zas isə deyir ki. “...heç nə olmaz”. Əslində, biz Zasın Bakıdakı hərbi ali məktəbin məzunu olduğunu da unutmamalıyıq. Məhz elə buna görədir ki, təkcə o, “Ermənistanın cənubundakı vəziyyətin Azərbaycanla yeni bir sərhədin yaradılması ilə əlaqədar kəskinləşməsi” sərhəd hadisəsidir və “KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına tabe deyil”-deyə bildirir.

...Bu çox təhlükəli “tendensiyadır”. Bu tendensiya Zasın təkcə biz ermənilərə qarşı deyil, həm də onun bütün KTMT-yə meydan oxuyanların tərəfində olduğunu göstərir. Zas bir də unudur ki, bu “sərhəd hadisəsi” deyil, bu Azərbaycanın “müstəqil, suveren Ermənistana qarşı konkret olaraq təcavüzdür”. Azərbaycan isə, ilk növbədə KTMT-nin mövqeyinə bələd olduğuna görə, cəsarətlə, özünə inamla, heç bir yerə getməyəcəyini bəyan edir.

...Bəs, bu məqamda biz ermənilər nə etməliyik? Təbii ki, ilk olaraq, “qürurlu bir dövlət kimi” KTMT-dən imtina etməliyik. Əgər biz belə bir addım atsaq, sonradan KTMT-nin bizi təşkilata geri qaytarmaq üçün minnətçi düşəcəyi şəksizdir. Amma biz ermənilər hər şeydə olduğu kimi, bu məsələdə də israrlı olmalıyıq. Təşkilatın “haqqsevər” erməni xalqını qorumaq baxımından faydasız bir qurum olduğunu, elə ilk olaraq, onların özlərinə də “sübut etməliyik”. Biz artıq “aradakı bəzi umu-küsüyə” baxmayaraq, Nikol Paşinyana da qapını bərkdən çırpıb KTMT-ni cəhənnəmə göndərməyin vaxtı çatdığını anlatmalıyıq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə