Lepexinin ermənilərə verdiyi “dəyərli tövsiyələri”

Lepexinin ermənilərə verdiyi “dəyərli tövsiyələri”

Bir müddət bundan əvvəl İrəvanda olarkən “rus əsgərlərinin Ermənistan üçün canlarını fəda etməyə” belə hazır olduğunu deyib, “yaxşı ənamla yola salınan” Avrasiya İqtisadi Birliyi institutunun direktoru Vladimir Lepexin, nədənsə, bu dəfə, ermənilərə elə də “münasib olmayan”, yəni bədbin proqnozlar vermək zorunda qalıb.

Məsələn, o, bu gün ermənilərin hələ də Artsax adlandırdıqları ərazilərin “qurtuluş yolunu” burada keçirilə bilən referendumda görür.

…Deməli, Artsaxda “referendum keçirilir, referendumun nəticələrindən sonra Ermənistanın tərkibinə daxil olur və bütün bu “uğurlu” gedişatlardan sonra, nəticələr Rusiyaya da tanıdılır, yəni Moskva Artsaxı “müstəqil dövlət” kimi tanıyır və s. və ilaxır…

Bu qədər “sadə və bəsit”. Bu da sənə “böyük qardaş” nümayəndəsi olan institut direktorunun “məsləhəti”… Sizi bilmirəm, amma Lepexinin belə ağılsız sərsəmləməsi mənə “…xan məni almışdı…” məsəlini xatırlatdı.

Doğrudan da, belə görünür ki, bu günə qədər ermənilərə “məsləhət” verənlər, həmişə onlardan aldıqları “ənama” müqabil olaraq “ağıllı, elə ermənilərin boyuna münasib məsləhətlər” veriblər.

…Deməli, verdiyi “ağıllı məsləhətlə” ermənilərin bir problemini həll edən Lepexin, bundan sonra ermənilərlə bağlı digər problemləri çözüb, həllini axtarmağa baş vurur. Amma bu dəfəki “çözüb araşdırdığı” açıqlaması, deyəsən erməniləri elə də qane etmir.

Necə yəni “…hazırda Artsaxın taleyi ilə bağlı danışıqlar aparılmır”. Bəs, bizim “prezidentimiz”, yenicə özü-özünü təyin edən “ərazi nazirimiz”...bunlar nə olsun?

Lepexin burada erməniləri başa salmağa çalışır ki, vəziyyət siz düşündüyünüz kimi deyil, yəni bu gün Ermənistan Azərbaycanın qarşısında “quzuya dönərək” onun bütün şərtlərini elə “quzu kimi” də yerinə yetirməyə hazırdır. Bundan əlavə, bu gün Paşinyan hökuməti Artsax üçün Azərbaycanla müharibə aparmaq niyyətində deyil. Bəs nə etməli? Təbii ki, erməni dövlətçiliyi üçün faciəli olan bu gündən yalnız bir çıxış yolu var - rusların ayağına düşüb yalvarmaq. İrəvan ilə Moskva arasında Artsaxın maraqlarını nəzərə alacaq yeni bir “hərbi ittifaq” yaratmaq... Ancaq görünən budur ki, Ermənistandakı iqtidar qrupu buna ehtiyac duymur.

Deyəsən, burada bu sözləri etiraf etmək, ermənilərdən daha çox, Vladimir Lepexinin özünü “üzür”...

...Ermənistanın mövcud şərtlər daxilində regional inkişafının yalnız bir istiqamətdə baş verə biləcəyini deyən Lepexin bu inkişafın “erməni ərazilərinin tədricən türkləşməsi” və bir hissəsinin isə “itirilməsi” hesabına baş verə biləcəyini istisna etmir. Birlik institutunun direktoru yaxın illərdə Ermənistanın da qonşu Gürcüstan kimi Türkiyənin “himayəçi”lərindən birinə çevrilə biləcəyini gizlətmir.

...Məncə bu sözləri deyən Lepexinin kövrəldiyi sizin də nəzərinizdən qaçmamalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə