ABŞ sakinləri istidən bunkerlərə çəkiliblər

ABŞ sakinləri istidən bunkerlərə çəkiliblər

Maraqlı da olsa, bunu, bəlkə də nüvə müharibəsinə hazırlıqla müqayisə etmək olar. Deyim ki, bunu Amerikadakı istilərə diqqət çəkən bəzi saytlar yazır. Məsələ bundadır ki, anomal istilər Amerika sakinlərini nəhəng bunkerlərə sığınmağa vadar edib. Sıra ilə düzülmüş çarpayılar, qida ehtiyatları, ən əsası isə tam gücü ilə işləyən kondisionerlər. İmkanı olan bütün ailələr bura sığınırlar. Artıq əlli dərəcəyə qalxan yandırıcı Günəşin altında küçədə olmaq ölümcül təhlükəlidir.

Qeyd edək ki, bu günə qədər “dəhşətli” istilər artıq 60-dan çox amerikalının ölümünə səbəb olub. Əlavə edək ki, son günlər xəstəxanalar gün vuran insanlarla doludur. Verilən son məlumatlara görə, hətta onları yerləşdirmək üçün xəstəxanalarda çarpayılar belə azlıq edir.

Xarici mətbuat istilər səbəbindən ABŞ-ın Kaliforniya ştatında artıq “təcili bir rejim” tətbiq edildiyini yazırlar. Bundan əlavə, könüllülər küçələrdə qalan evsiz və tənha şəhər sakinlərini xilas etməyə çalışırlar.

Yeri gəlmişkən bildirək ki, rəsmi mənbələr Amerikanın son 80 ildə belə bir istilərlə qarşılaşmadığını bildirir.

O da maraqlıdır ki, amerikalı səlahiyyətlilər belə istilərin ola biləcəyini ehtimal etsələr də, amma bu gün baş verənlər qarşısında öz acizliklərini də etiraf edirlər. Məsələ bundadır ki, əgər təkcə elə - Vaşinqtonla Nyu-Yorkdakı bütün şəhər kondisionerləri və fantanları işə salınsa, bu halda ölkənin əksər bölgələri yaranmış gərginlik səbəbindən işıqsız qala bilər.

Onu da qeyd edək ki, eyni problemlə qonşu Kanada da üzləşib. Həttə Amerika qitəsinin ən şimal ölkəsi olan bu bölgədə ölənlərin sayının 500 nəfərə çatdığı bildirilir.

Onu da xatırladaq ki, bu gün ABŞ-da meşə yanğınları ölkənin cənub-qərbini bürüməkdədir. Xatırladaq ki, Kaliforniyanın meşələri yay başından bəri alovlanır və indi quraqlıq səbəbindən yanğın yerli təsərrüfatlara və evlərə yaxınlaşmaqdadır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə