Bu yerdə Robertə dəstək olmağa dəyər..?

Bu yerdə Robertə dəstək olmağa dəyər..?

Mən deyəndə ki, Robert Koçaryanla Serjik Sarkisyan Artur Vanetsyanla müqayisədə daha “qürurlu” ermənilərdir, Siz buna, haradasa, etiraz etmək istəyirdiniz. Hə, indi deyin: mən deyən oldu, olmadı? Hə, indi nə olar ki, hətta 7 faizlik həddən də aşağı, yəni səslərin 5.23 faizini qazanan “Mənim qürurum var” bloku erməni parlamentinə getməyə “naz eləyir”. Bəlkə elə doğrudan da, “qürurlulara” səs verənlərin hamısı təkcə blokda təmsil olunan Serjik Sarkisyana səs verməyiblər.

…Bəlkə elə bloka səs verənlərin yarıdan çoxu Artur Vanetsyanın adına zəhmət çəkib seçki məntəqələrinə gəliblər.

Təbii ki, Vanetsyan da Serjdən fərqli olaraq, “qürur” nümayiş etdirərək, seçicilərini intizarda qoymaq istəməyib və rəhbərlik etdiyi “Vətən” partiyasının təmsilçisi kimi, parlamentdə oturmağa qərar verib.

Amma sizi bilmirəm, mən əsl “erməni qürur və təvazökarlığını” nümayiş etdirən Robert Koçaryan və ondan bir az balaca da olsa geri qalan Serjik Sarkisyana “qibtə etməyə bilmirəm”.

Belə görünür ki, onlar dediklərində israrlıdırlar: yəni seçicilərin onlara təklif etdikləri mandatları “yaxına buraxmaq” belə istəmirlər.

Axı, bu, belə olmamalıdır. Yaxşı, deyək ki, bu gün Robertlə Serjik başda olmaqla onların ətrafı mandatdan imtina edib deputat olmasalar, o zaman, məsələn, sentyabr ayında Nikol Paşinyan tərəfindən Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədin imzalanmasına kim mane olacaq? Əgər Robertlə Serjik orada olmasa, onda vay Ermənistanda qalan ermənilərin halına..

Bu gün Nikolun əldə etdiyi “polad mandat”dan Bakı və Ankaranın maraqlarını təmin etmək üçün yararlanacağına bəzi ermənilər elə də şübhə etmirlər. Bəs, belə olan halda, Nikola qarşı kim “sinə gərəcək”? Bundan əlavə, Nikolun hazırda parlament xaricində güc müştəriləri axtardığı barədə də xəbərlər dolaşmaqdadır.

Maraqlıdır ki, bəzi erməni saytları Nikolun bu axtarışını erməni parlamentinə toplaşmaq niyyətində olan müxalifəti dəstəkdən məhrum etməyə hesablandığını deyirlər. Hətta Nkolun bu məsələ ilə bağlı yaxın ətrafını təlimatlandırdığını, onların bu işə böyük önəm vermələrini də tapşırdığı barədə xəbərlər dolaşmaqdadır. Deməli belə görünür ki, Nikol “…yandı qız…ey erməni müxalifətinin dədəsi”nə start verməyə hazırlaşır.

Amma bu yerdə yadımdaikən sizə də xatırladım ki, hazırda özlərini erməni müxalifəti adlandıranlar bir tərəfə, təkcə, “təvazökarlıq mücəssəməsi”, yəni erməni müxalifətinin “gözü” olan Robert Koçaryan bir tərəfə…yəni o indiyə qədər erməni parlamentində gedib oturmaqla bağlı hələ də “nəm-nüm” edir.

Yeri gəlmişkən deyim ki, ermənilərin “təvazökarlıq mücəssəməsi”, “görən gözü” daha nə bilim nəyi… parlamentdə oturmaq istəməməsinə gözəl bir əsas da gətirir. Deyir ki, mən Nikol kimi xain bir dövlət başçısının ətrafında dolanan Ararat Mirzoyan, Alen Simonyan, Lena Nazaryan və daha kimlərlə eyni parlamentdə oturub onların udduqları zəhərli havadan udmaq istəmirəm…

…Sizi bilmirəm, amma mənə görə, bu yerdə Robertə dəstək olmağa dəyər…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə