Meksikada seçkiqabağı kampaniya dönəmində102 siyasi qətl faktı qeydə alınıb

Meksikada 6 iyun tarixində başa çatan seçkiqabağı təşviqat kampaniyalarının iştirakçılarına mindən çox hücum edilib, nəticədə 100-dən çox insan cinayətkarların qurbanı olub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə “Etellekt Consultores” konsaltinq şirkətinin son yayımlanan hesabatında deyilir.

“Siyasi xadimlərə qarşı 1066 hücum olub, nəticədə 102 nəfər öldürülüb, onların arasında 36 seçkilərdə iştirak edən namizədlər də var”, - deyə sənəddə qeyd olunub.

Mütəxəssislərin hesablamalarına görə, qanunsuz əməllərin sayı əvvəlki 2018-ci il seçki kampaniyasına nisbətən 38% artsa da, ölənlərin sayı 32,8% azalıb. Milli Seçki İnstitutunun rəhbəri Lorenso Kordova may ayının sonlarında bildirib ki, siyasətçi xadimlərə qarşı zorakılıq əməlləri ciddi narahatlıq yaratsa da, səsverməyə mane olmayıb.

6 iyun tarixində respublika vətəndaşları Federal Parlamentin Deputatlar Palatasının tərkibini yeniləyiblər, həmçinin 19 mindən çox yerli icra orqanlarının üzvlərini seçiblər. 15 ştatda eyni vaxtda qubernator seçkiləri keçirilib. Seçkilərə təqribən 93,5 milyon insan dəvət olunub.

Ötən il Meksikada, rəsmi rəqəmlərə görə, 34,5 min qətl törədilib, bu da rekord sayılan 2019-cu il göstəricisindən bir qədər azdır. Aprel ayında Meksikanın “İctimai təhlükəsizlik və cinayət ədliyyəsi üzrə vətəndaş şurası” qeyri-hökumət təşkilatının mütəxəssisləri 2020-ci ilin sonunda ölkənin 18 şəhərini dünyanın ən təhlükəli 50 şəhəri siyahısına daxil ediblər. Birinci yeri Quanaxuato ştatının Selaya şəhəri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə