80 il əvvəl: Böyük Vətən Müharibəsinin ilk saatlarında nələr baş verdi? - REAL TARİX

Minlərlə ölü, onlarla dağıdılan şəhər, hərbi texnika və infrastruktur məhv edildi - düz 80 il əvvəl, 22 iyun 1941-ci ildə Hitler qoşunları SSRİ ərazisinə soxuldu. Hücum qəfil və sürətli oldu - Qızıl Ordu ağır itkilər verdi. Dünya tarixindəki ən qanlı müharibənin ən ağır anları haqqında - RİA Novosti-də dərc olunmuş materialın tərcüməsini təqdim edirik.

İlk zərbə

O iyun günlərində Sovet müdafiə sisteminin başına gələn fəlakətin miqyasını qiymətləndirmək üçün statistikaya istinad etmək lazımdır. Vermaxt 3 əsas istiqamətdə hücuma başladı. Mərkəzi Ordu Qrupu Belarusiya yaxınlığında cəmləşmişdi - almanlar buraya təxminən 650 min piyada, 800 tank, 12,5 min ağır silahlar və minaatanlar, təxminən 1,7 min təyyarə gətirmişdi.

Bu sektoru qoruyan Sovet Qərb Cəbhəsi kadr və texnika baxımından düşməndən geri qalmırdı, hətta tanklarda da üstün idi, ancaq Sovet qrupunun ilk eşelonunda cəmi 13 atıcı diviziyası var idi, almanlarda isə 28.

Cənub Ordu Qruplaşmasında isə 730.000 hərbçi, 800 tank, 10 minə yaxın silah və minaatan və təxminən 800 təyyarə var idi. Hücumun qarşısını almaq mümkün deyildi. 22 İyun axşamı cəbhənin bir çox sektorunda üstünlük qazanmış faşist bölmələri 20 kilometr dərinliyə keçdi.

Şimal Ordu Qruplaşması qoşunları (655.000 əsgər və zabit) qısa müddətdə Şimal-Qərb Cəbhəsinin müdafiəsində geniş boşluqlar yaratdı. Qızıl Ordu texnika və canlı qüvvədə böyük itkilər verdi. Və əks hücumlar uğursuz oldu. Gün ərzində alman ordu birləşmələri SSRİ ərazisinə 60 kilometr dərinlikdə girdi.

Vəziyyət, almanların eyni vaxtda bütün sərhəd boyunca - Barents dənizindən Qara dənizə qədər hücum etməsi ilə çətinləşdi. Almanlar hücumdan əvvəl çox güclü artilleriya atışları həyata keçirmişdi- ən vacib hədəflərə minlərlə mərmi ilə atəş açdı, yüzlərlə bombardmançı təyyarə hərbi bazalara, böyük şəhərlərə və sənaye mərkəzlərinə bomba atdı.

Lyuftvaffe qüvvələrinin vurduğu bəlkə də ən dağıdıcı zərbə Sovet aviasiyasına qarşı oldu. Yalnız bir neçə saat ərzində Qırmızı Ordu sərhəd bölgələrində yerləşən 1200 təyyarəsini itirdi - maşınların çoxu havaya qalxmadan yandı. Onlarla aerodrom tamamilə məhv edildi.

Ölümcül səhvlər

Tarixçilərə görə, 1941-ci ilin yayında baş verən faciəli məğlubiyyətlər, yaxınlaşan təcavüz barədə məlumat axınına baxmayaraq Silahlı Qüvvələri müdafiəyə hazırlamayan ölkənin hərbi və siyasi rəhbərliyinin səhv hesablamalarından qaynaqlandı.

21 iyun axşamı Baltik Xüsusi Hərbi Dairəsinin kəşfiyyatı, almanların Neman üzərindəki körpülərin inşasını tamamladığını, yerli əhalini evakuasiya etdiyini və sərhəddəki tikanlı məftilləri çıxardığını, yaxınlıqdakı ağır texnikaların mühərriklərinin səs-küyünü bildirdi.

Buna baxmayaraq Sovet komandanlığı tərəddüd etdi. Və qoşunları tam döyüş hazırlığına keçirmək, onları maskirovka etmək, kamuflyaj avadanlığı, aerodromlar və mühüm infrastruktur obyektlərinin müdafiəsini gücləndirmək qərarı qərargaha çox gec gəldi.

Rusiya Hərb Tarixi Cəmiyyətinin elmi direktoru Mixail Myaqkov, RİA Novosti-yə verdiyi açıqlamada, "Kəşfiyyatçılarımız Almaniyanım yaxınlaşan hücumu haqqında məlumatların Sovet komandanlığına çatmasını təmin etmək üçün mümkün olan hər şeyi etdi. Mayın əvvəllərindən belə məlumatlar gəlsə də, dəqiq tarix haqda ciddi məlumat yox idi. Hitler bir neçə dəfə hücumu təxirə salmışdı”- deyə bildirib.

Müharibənin ilk saatlarında və günlərində Qızıl Ordunun məğlubuyyətinə səbəb olan digər mühüm səbəb, komandirlərin və personalın yetərincə hazır olmaması və SSRİ-nin Almaniyadan texniki sahədə geri olması idi.

Tarixçi deyir ki, “Qızıl Ordu o zaman genişmiqyaslı yenidənqurma mərhələsində idi. BT, T-26 tankları, İ-16 təyyarələri kimi 1930-cu illərin əvvəllərindəki hərbi texnikanın bir çox nümunəsi köhnəlmişdi. Bəli, yeni T-34-lər, KV-lər, "Katyuşa"lar meydana çıxdı, lakin bunlar çox az idi. 1 sentyabr 1939-cu ildən sonra ordunun sayı 2 milyondan 5 milyona yüksəldi. Sadəcə, komandirlər və ya heyətin çoxunun döyüş təlimlərinə vaxt çatmadı".

Bundan əlavə, Qərbi Ukrayna və Qərbi Belarusiya SSRİ-yə daxil olduqdan sonra yeni sərhədlərdə möhkəmləndirilmiş sahələrin tikintisi hələ başa çatdırılmamışdı. Molotov xətti yarımçıq qalmışdı.

Qırılmaz müqavimət

Buna baxmayaraq, Vermaxt asanlıqla SSRİ sərhədini keçə bilmədi- hər bir sərhəd zastavası və hərbi hissə sona qədər dirəndi, almanlar müqaviməti qırmaq üçün əlavə qüvvələrin yaxınlaşmasını gözləməli oldular.

Canlı bir nümunə olaraq Peremışlya sərhəd rayonundakı şiddətli döyüşləri göstərmək olar. Qərbi Hərbi Dairənin 99-cu Piyada Diviziyası orada güclü müdafiə döyüşləri apardı. Güclü bir hücumla almanlar şəhəri ələ keçirdilər, ancaq Qızıl Ordu bir gün sonra onları nokaut etdi. Nəticədə, Peremışlya 3 dəfə əldən ələ keçdi.

Sovet əsgərləri yalnız müdafiədə qalmırdılar, həm də Almaniya qoşunlarını əsgər və texnika baxımından bir çox üstünlüklərinə baxmayaraq, onları geri çəkilməyə məcbur edirdilər. Döyüşlərin ilk həftəsində faşistlər 4 minə yaxın adam itirdi. Buradakı Sovet qoşunları yalnız Lvovun təslim olmasından sonra öz mövqelərini tərk etmək və geri çəkilmək əmri aldı.

Latviyanın Liepaya şəhərində olan Baltik Donanmasının bazası qəhrəmanlıqla müdafiə olundu. Almanlar buranı bir gündə alacaqlarını düşünürdülər. Ancaq kiçik qarnizon, mülki əhalinin köməyi ilə bütün bir həftə boyunca hücumları dəf etdi və düşmənə böyük itkilər verdirdi.

Cənubi cəbhəsində Sovet qoşunları özləri hücuma keçdilər, əsas plastdarmları ələ keçirdilər, yenidən qruplaşdılar və döyüş effektivliyini bərpa etdilər. Və ilk hava döyüşləri Sovet aslarının üstünlüyünü nümayiş etdirdi.

"Almanlar 1941-ci ilin 22 iyun tarixində ən böyük aviasiya itkilərinə məruz qaldılar- pilotlarımız daha sonra 72 təyyarəni vurdular, bunların əksəriyyəti taran yolu ilə vuruldu"- deyə Myaqkov qeyd edir. “Belə inadkar müdafiə döyüşləri olmadan, 2-ci eşelon- ehtiyat strateji qoşunlar, Qərbi Dvina və Dnepr çaylarına çatmağa vaxt tapmazdı. Əsas bölmələri çəkmək, yeni bir müdafiə xətti yaratmaq, əhalini və sənayeni boşaltmaq üçün vaxt qazandılar"- tarixçi əlavə edir.

“Barbarossa” planı Sovet qoşunlarının sərhəd döyüşlərində məğlub olmasını və hələ Qərbi Dvina-Dnepr xəttindən əvvəl əsas qüvvələrin məhv edilməsini nəzərdə tuturdu. Sonra Hitler Leninqrad, Kiyev, Moskvaya, cənub cinahında- Qafqaza çatmağı ümid edirdi. Və bütün hərbi kampaniyanı ilin sonunadək bitirməyi düşünürdü.

Lakin “blitskriq” uğursuz oldu- ilk həftələrdə faşistlərin 90 mindən çox əsgər və zabiti öldürdü, yaralandı və itkin düşdü. Müharibə 4 il uzandı və Hitlerin istədiyi kimi olmadı…

***

Nikolay Protopopovun bu yazısı maraqlı faktlarla zəngindir. Lakin ümumi yazılıb. Qəhrəman Sovet Ordusu dünya tarixinin ən böyük qələbəsini qazandı və dünyanı faşizmdən xilas etdi. Burada hər xalqın öz rolu və töhfələri olub. Bu səbəbdən biz Azərbaycan SSR-in Böyük Vətən Müharibəsinə verdiyi töhfələri də qısaca qeyd etmək istərdik.

Azərbaycan xalqının müharibədə əvəzedilməz rolu

Müharibə başlanan gündən Azərbaycan xalqının oğul və qızları ağır döyüşlərin getdiyi ön cəbhə bölgələrində böyük qəhrəmanlıq və igidlik nümunələri göstərdilər.

Azərbaycandan döyüş cəbhələrinə 10 mindən çoxu qadın olmaqla 650 minə yaxın adam yollandı. Qısa zamanda respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil olundu.

Döyüşlərdə 300 mindən çox azərbaycanlı həlak oldu. Azərbaycanlı döyüşçülər Zaqafqaziya cəbhəsindən Berlinədək döyüş yolu keçdilər. Azərbaycanlılardan ibarət milli diviziyalar Polşa və Çexoslovakiyanın, Yuqoslaviyanın azad olunmasında da fəal iştirak etdi.

Qərbi və Şərqi Avropada azərbaycanlılar fəal iştirak ediblər. Təkcə Fransanın cənubunda 1000 nəfərdən çox, Yuqoslaviyada isə 600-dən artıq azərbaycanlı partizan vuruşub.

Berlinə ilk hücum edən 6 diviziyadan biri olan 416-cı Azərbaycan milli diviziyası Reyxstaqın 150 metrliyindəki Brandenburq darvazasının üzərində qələbə bayrağını ucaltdı.

Ümumiyyətlə, ön və arxa cəbhədə olmaqla Azərbaycanın 250.000 nəfərdən çox övladı orden və medallarla təltif olunub. 130-a yaxın həmyerlilərimiz isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycan xalqı arxa cəbhədə də qəhrəmanlıq göstərdi. Müharibə illərində Bakı döyüşən ordunun ən mühüm cəbbəxanalarından birinə çevrildi. 1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları və gəmilər yollanırdı. Müharibə illərində Bakıda cəbhə üçün 130 növ silah və döyüş sursatı da istehsal olunurdu. Bu illərdə Bakı yanacağa olan tələbatın 70%-dən artığını verirdi. Müharibədə hər 5 təyyarənin, hər 5 tankın, hər 5 avtomobilin 4-ü Bakı benzini ilə işləyirdi.

Respublika hospitallarında 400 mindən artıq yaralı müalicə olunub. Əhali də “Hər şey cəhbə üçün, hər şey qələbə üçün” şüarı ilə arxa cəbhədə döyüşdü. Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq qızıl, 1000 kq gümüş verildi. Cəbhəyə 125 vaqon isti geyim, yüz min tonlarla qida məhsulları, dərman preparatları və sarğı materialları göndərildi.

Böyük Vətən Müharibəsinin başlamasından 80 il keçir, dünya tarixində analoqu olmayan qəhrəmanlıq nümunəsi göstərən Sovet xalqları içində Azərbaycan xalqının da böyük rolu və əməyi olub.

Faşizmin məhvindən 45 il keçməmiş xalqımız bu dəfə erməni faşizminin təcavüzünə məruz qaldı. Lakin qəhrəman xalqımız bu faşizmi də məhv etdi, daha bir Qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə