Yaponiyada universitet və iş yerlərində əhalinin kütləvi vaksinasiyasına başlanıb

Yaponiyada universitet və iş yerlərində kütləvi şəkildə COVID-19-a qarşı vaksinasiya proqramının həyata keçirilməsinə başlanıb.
SİA xəbər verir ki, bu barədə qərar ötən həftə böyük aviaşirkətlər və digər müəssisələr əməkdaşların kütləvi şəkildə vaksinasiyasına başladıqdan sonra qəbul edilib. Bildirilir ki, bir çox şirkətlər əməkdaşları ilə yanaşı, onların ailə üzvlərinə, müştərilərinə, hətta yaxınlıqda yaşayan qonşularına belə vaksinasiyadan keçməyi təklif edirlər.
Rəsmi nümayəndələrin bildirdiyinə görə, həmin gün ümumi sayı 3400-ə çatan məntəqədə 13,73 milyon nəfərin peyvənd olunması planlaşdırılıb.
Həmçinin qeyd edilir ki, hökumət kiçik və orta müəssisələrin birləşərək ümumilikdə vaksinasiya aparacağı təqdirdə, lazımi şəraitin yaradılması məqsədilə onlara yardım üçün subsidiya ayırmağı da nəzərdə tutur.
Hökumət, eyni zamanda, bələdiyyələr tərəfindən vaksinasiyanın həyata keçirilməsini sürətləndirməyi də qarşısına məqsəd qoyaraq, arzu edənlər üçün tam peyvəndələməni oktyabr-noyabradək yekunlaşdırmağı planlaşdırır.
Rəsmi mənbələrin bildirdiyinə görə, vaksinasiyadan keçməyənlərin diskriminasiya olunmaması və müxtəlif təzyiqlərə məruz qalmaması üçün onlar haqında informasiyanın xüsusi formada ötürülməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə