Ermənilər hələ də ümidlənirlər?..

Ermənilər hələ də ümidlənirlər?..

...Artıq 44 günlük müharibədən sonra Cənubi Qafqazda formalaşan "status-kvo"nu məhv edə biləcək yeni perspektivlər ortaya çıxıb. Bunu, ancaq özlərinə xas olan sevinclə erməni siyasətçı Arman Melikyan bildirir. Onun fikrincə, NATO baş katibi Yens Stoltenberqin “Ukrayna və Gürcüstan üçün İttifaqın açıq qapıları haqqında” açıqlaması və “Şuşa Bəyannaməsi” Kremli yaman qıcıqlandırıb(?).

Melikyanana görə, Moskvanın bu iki hadisəyə reaksiyası olduqca diqqətəlayiqdir. İlk əvvəl qeyd edim ki, Yens Stoltenberqin bu açıqlaması Moskva tərəfindən çox mənfi qarşılanıb, deyən Melikyan Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünün müharibə üçün bəhanə olacağına əminlik bildirir.

Maraqlıdır ki, son günlər Rusiya mediası və ekspert-analitik cəmiyyətinin “Şuşa Bəyannaməsi”nə xüsusi diqqət ayırdıqlarını bildirən erməni siyasətçi erməniləri bundan da yararlanmağa çağırır.

Melikyanın sözlərinə görə, Azərbaycan və Türkiyənin federal və ya konfederativ bir dövlət çərçivəsində birləşmə istiqamətində müəyyən addımlar atması bu gün əlçatan görünür. Erməni siyasətçinin etirafına görə, əgər Ankara və Bakı bu yolu tutarsa, bu halda siyasi və diplomatik yollarla belə bir layihənin başa çatmasının qarşısını almaq mümkün olmayacaq.

Buna baxmayaraq, Melikyan NATO-ya üzv olmayan bir ölkənin, yəni Azərbaycanın ərazisində NATO üzvü ilə hər hansı bir birgə sənəd qəbuluna Moskvanın hansı mövqe göstərəcəyinin çox maraqlı olacağını bildirir. Erməniyə görə, Şuşadakı son bəyannamə qəbulu 44 günlük müharibə nəticəsində formalaşmış regional status-kvonu bir daha alt-üst etməyə “qadirdir”: “...xüsusilə nəzərə alsaq ki, Bakının faktiki olaraq NATO ilə birləşməsi yolunda artıq Ermənistanla Azərbaycan arasında ərazi mübahisələri şəklində rəsmi əngəllər qalmayıb” -deyən Melikyan, Türkiyənin öz hərbi, iqtisadi və mədəni varlığını Cənubi Qafqaza doğru genişləndirmək üçün kartları olduğunu da gizlətmir.

Buna baxmayaraq, erməni siyasətçi nəyəsə ümidlidir. Belə görünür ki, ötən gün Rusiya Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerinin “Azərbaycan Türkiyə ordusu ilə birgə KTMT üzvünə qarşı vuruşduğu andan etibarən NATO-nun faktiki üzvü sayılır” deməsi “əzabkeş ermənilərə” haradasa bəzi ümidlər verib (?)...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə