Nikolu aradan götürmək üçün məntiqi addımlar indidən atılmalıdır

Sarkisyanın bloku parlamentə düşərsə, Koçaryan bloku ilə koalisiya qurma ehtimalını istisna etmir

Hansı qürura sahib olduğunu hələ ki, ortaya qoymağa “imkan tapmayan” “Mənim qürurum var” blokunun üzvü Arsen Babayan erməni parlamentinə düşəcəyi təqdirdə Robert Koçaryanın “Hayastan” bloku ilə koalisiya quracağını mümkün sayır.

Erməni “qürurlusunun” fikrincə, seçkidən sonra Paşinyanı aradan götürmək üçün bütün məntiqi addımlar gərək indidən atılmalıdır. Maraqlıdır ki, Babayan elə bil Nikolun məğlub duruma düşəcəyindən əmindir. Belə görünür ki, yəqin o da bəzi həmkarları kimi, Koçaryanın erməni hakimiyyətini ələ keçirə biləcəyinə inanırlar. Yəqin o da əksər həmkarları kimi Koçaryanın indi seçicilərinə verdiyi ağlasığmaz və revanşist vədlərdən müharibə qoxusunun gəldiyini anlayır.

O da maraqlıdır ki, görən, bu gün Kremlin dəstəyinə güvənən Robert Koçaryan ermənilərə baş nazir seçiləcəyi təqdirdə, yenidən köhnə əyyamdakı “yerişini yeriyəcəyinə” əmindirmi? Təbii ki, bu elə də inandırıcı görünmür. Əslində bunu Koçaryan da yaxşı anlayır. Çünki bu gün Azərbaycan qarşısında zəlil günə düşən Ermənistanın “dirçəlişi” Koçaryanın ermənilərdən möhlət kimi istədiyi iki ilə yox, daha çox vaxta baş tuta bilər. Buna da zəmanət vermək şübhəlidir... əgər həmin illər ərzində Ermənistanda erməni qalsa...

Babayansa öz ampulasındadır. Onun sözlərinə görə, hazırda Nikol şübhələr məngənəsində qovrulur. Paşinyan qalib olmayacağı təqdirdə çoxsaylı cinayətlərinə görə məsuliyyətə cəlb olunacağını yaxşı başa düşür. Ona görə də o, son qədər gedəcək. Yəni hakimiyyətdə qalmaq üçün hər variantdan yararlanmağa çalışacaq. Belə ki, Babayana görə, buraya ölkənin hüquq-mühafizə orqanlarının xidmətindən tutmuş, çevriliş yoluna qədər bütün variantları aid etmək olar.

Maraqlıdır ki, hazırda Paşinyanın azsaylı seçiciləri ilə görüşlər keçirdiyinə diqqət çəkən Babayan onun hələ də təhdid dilində danışdığını deyir. Məsələn, Nikol Paşinyanın bu gün də seçicilərlə keçirdiyi görüşlər cəmiyyəti “ağlar” və “qaralar”a bölmək siyasətini davamıdır. Babayan bütün bunlardan ölkə prokurorluğunun xəbərdar olduğunu, amma buna baxmayaraq, heç bir ölçü götürmədiyini deyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə