“İnkubatorsuz erməni” yetişdirməyin iflası...

Bəzi erməni iddialarına görə, guya indi onlar oturub, dərindən düşünərək Nikol Paşinyanın onları aldatdıqlarını deyirlər. Amma maraqlıdır ki, buna baxmayaraq, hazırda Ermənistanda baş nazir olmaq üçün sıraya düzlənən namizədlərin siyahısına baxıb, “saf-çürük” etdikdən sonra, onlar yenidən Nikolun üzərində “qərar tuturlar”.

Məsələn, əksər ermənilər bu seçimlərini hazırda “erməni təvazökarlığının atası” Robert Koçaryan və yalan danışmaqda Nikoldan elə də geri qalmayan bəstəboy Serj Sarkisyandan vaxtilə çəkdirdikləri ilə əlaqələndirirlər.

Doğrudur, bəzi iddialara görə, bir müddət bundan əvvəl ölkədə keçirilən sorğu zamanı rəyi soruşulanların 50,5 faizi ermənilərin “çox pis” vəziyyətdə yaşadığını söyləyiblər. Təbii ki, deyilənlərdə müəyyən qədər həqiqət olsa da, amma “qələmin düşmən əlində” olduğu da nəzərə alınmalıdır. Əslində, bu gün ermənilərin acınacaqlı vəziyyətdə yaşadıqları hamıya məlumdur...

...Məhz bu arqumentləri əsas götürən Nikol əleyhdarları Paşinyanı yalançılıqda, satqınlıqda və daha nə bilim nələrdə ittiham edərək, sadə ermənilərin də artıq onu istəmədiyini iddia edirlər. Onlar sual edirlər, hanı, Nikolun Ermənistanda yaratdığı cənnət?

Məsələ bundadır ki, Nikol əleyhdarları ona qarşı ittihamlarını əsaslı faktlarla davam erdirirlər.

Məsələn, onlar bu ilin əvvəlində ölkədə əmək haqqının 3,5 faiz artdığını etiraf etsələr də, amma bununla yanaşı, ölkədə istehlak qiymətlərindəki artımın 6,2 faiz olduğunu və bunun da Ermənistanda yaşanan inflyasiya fonunda maaş artımının hamısını yediyini Paşinyanın “gözünə soxmağa” çalışırlar. Nikol əleyhdarlarının Nikola istiqamətləndirdikləri iradlardan biri də onun ölkədə “Paşinyan cənnəti” adı ilə tanınan “inqilabi” vergi islahatıdır.

Beləliklə, bu vergi qanununa görə, Ermənistanda cüzi maaş alanlar da milyonlarla gəlir əldə edənlər kimi qazanclarının 22 faizini vergiyə ödəməlidirlər.

Maraqlıdır ki, hakimiyyətdə olduqları illərdə erməni xalqı üçün elədiyi elə də bir “xeyirxah əməlləri” ilə yadda qalmayan nə Robertin, nə də Serjin seçki ərəfəsində Nikola qarşı apardığı bu təbliğatın arxasında nələrin dayandığı başadüşüləndir: yenidən Ermənistanda rəhbər olmaq.

Əslində, hakimiyyətə gəlmək üçün özünü ideal biri kimi göstərməyə çalışıb, rəqiblərini ittiham etmək üçün dəlillər ortaya qoymaq bütün dünya təcrübəsində müşahidə edilən adi hallardan biridir. Amma ermənilərdə “ideal olan biri” hakimiyyəti ələ keçirəndən sonra da, yerini möhkəmlətmək üçün bu ittihamlarını davam etdirir. Yalan da ki, necə deyərlər, çuvalnan... Mən bunu əvvəlki erməni rəhbərlərinin hakimiyyətə gələndən sonrakı əməllərinə istinad edərək deyirəm.

...Yeri gəlmişkən, yadınızda olar, vaxtilə Serj Sarkisyan hakimiyyətdə olarkən, ermənilərə xoş gəlib, özünü onlara “sevdirmək” üçün gözəl bir yalanı ilə sərçəni lap gözündən vurmuşdu. Amma, neyləyəsən ki, Nikol Serjikin bu planını reallaşdırmasına imkan vermədi.

Deməli, Sarkisyan prezident olarkən, ermənilərin “başını bişirib” 2 milyonluq erməni sayını tezliklə 5 milyona çatdıracağına söz vermişdi... özü də inkubatorsuz zadsız...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə