Erməni siyasətçilər Ermənistanda anarxiya yayırlar…

“Faktlarla müşahidə edilən seçkiqabağı ittihamlar…”

Məlum olduğu kimi, artıq iyunun 7-dən başlayaraq Ermənistanda seçki kampaniyasının keçirilməsinə rəsmi olaraq start verilib. Beləliklə, iyunun 20-də erməni parlamentinə keçiriləcək erkən seçkilərdə iştirak etmək üçün artıq 22 partiya və 4 blok qeydiyyatdan keçib.

Qeyd edək ki, sağlam olmayan seçkiöncəsi vəziyyət və kampaniyanın ibtidai qaydalarına riayət edilməməsi, bəzi erməni rəsmilərinin də dediyi kimi, əvvəldən də gözlənilən idi.

Məsələn, bu gün bəzi seçkiyə qatılmayan erməni siyasətçiləri bunu müharibənin Ermənistanda yaratdığı obyektiv səsbəblərlə əlaqələndirirlər. Yəni seçki nəticələrinin gözlənilməzliyi iştirakçıları söyüş, dedi-qodu və qarşılıqlı ittihamları qəbul etməyə sövq edir.

Maraqlıdır ki, hazırda Ermənistanda bəziləri belə bir seçkiqabağı vəziyyət və ümumi atmosferi, bu seçkinin əvvəlkilərdən fərqli olaraq, ölkədə ən təhlükəli və gözlənilməz seçkilərə çevrilməsinə səbəb ola biləcəyini bildirirlər.

Məsələ bundadır ki, ölkədə yaranmış vəziyyəti dövlət strukturları tərəfindən nümayiş etdirilən imkansızlıq və iqtidarsızlıq daha da ağırlaşdırır. Təbii ki, indiki halda bura seçkilərin qanuni və ədalətli keçirilməsinə məsul olan qurumlar, deyək ki, hüquq-mühafizə orqanlarını, məhkəmələri, seçki komissiyalarını və hətta müşahidəçiləri də daxil etməliyik. Qəribəsi budur ki, bu gün söyüş, dedi-qodu və qarşılıqlı ittihamlarla müşahidə edilən seçki kampaniyalarına, bəzi istisnalarla, heç bir irad da bildirilmir. Yəqin ermənilərin əksəriyyəti bütün bu baş verənlərin sonradan, yəni seçkidən sonra Ermənistanda anarxiya mühitinin formalaşması üçün ciddi risklərə meydan yaradacağını anlamırlar.

Yəni onlar, doğrudanmı, bu gün özlərini yeni müharibə reallığı da daxil olmaqla dağıdıcı proseslərin bir hissəsi kimi görmürlər? Təbii ki, bu bəzi ermənilərə görə elə də inandırıcı görünmür.

Xatırladaq ki, bir müddət bundan əvvəl həmvətənlərinin seçki kampaniyalarındakı təbliğat xarakterli çıxışlarından “narazı qalan” ermənilərin hüquq müdafiəçisi Arman Tatoyan “öz iradlarını” bildirmişdi. Budur, yenə “Freedom House” təşkilatı “sağ olsun”, ombudsmanın cağırışına “dəstək” verib.

Belə ki, “nüfuzlu” təşkilat ombudsman Tatoyanın seçki dövründə erməni siyasətçilərinin şiddət və nifrət ritorikası ilə bağlı səsləndirdiyi narahat fikirlərinə “dəstək” nümayiş etdirib. Yəni narahatlığını bildirib.

Qeyd edək ki, təşkilat ermənilərə xəbərdarlıq edib ki, ay ermənilər, sizin bu əməlləriniz ölkədə dağıdıcı qütbləşmə və nifrətin yayılmasına kömək edir. Ona görə də, ombudsmanınızın sözlərinə qulaq asın, zorakılıq və nifrət ritorikasından əl çəkin.

...Yeri gəlmişkən, ötən gün seçki ilə bağlı sorğuda elə də bir nüfuzunun olmadığı ortaya qoyulan sabiq üçüncü erməni prezidenti Serj Sarkisyan alternativi Nikolun “atasını yandırmaq” üçün gözəl bir gediş edib. Belə ki, o, Nikolun “vətən”ini satan xainin biri olduğunu təsdiq edən kompromata, yəni lent yazısına malik olduğunu bəyan edib. Amma deyəsən, balacaboy sabiq burada da, qaş cəhənnəm, vurub gözünü çıxarıb. Çünki Serj əldə etdiyi lent yazısı vasitəsilə Paşinyanı müharibənin əsl günahkarı olaraq göstərmək cəhdində bulunması, sonradan onun özünü ifşa etməsinə gətirib çıxarıb.

...Deyirlər, Sarkisyanın bu uğursuz cəhdi Paşinyanın reytinqini xeyli qaldırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə