“Mənim qürurum var”ın rəhbəri “rus cəsusu” çıxdı?..

Təbii ki, burada söhbət erməni qürurundan gedirsə, bu, başadüşüləndir....
“Mənim qürurum var”ın rəhbəri “rus cəsusu” çıxdı?..

...Onu necə deyirlər? Hə, yadıma düşdü: “kor kora kor deməsə, bağrı çatlar”. Nə isə, o gün aralarında nə ixtilaf olubsa, bilmirəm, Nikol Paşinyan vaxtilə Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri postuna təyin etdiyi silahdaşı Artur Vanetsyanı “russkiy şpion”, yəni rus cəsusu adlandırıb.

Təbii ki, burada Vanetsyan da Nikola, ruslar demiş, “zdaçi”, yəni cavab verə bilərdi. Əslində, özü deyəni, bunun üçün onun əlində kifayət qədər faktlar da var. Zarafat deyil, iki ildən bir qədər az Ermənistan kimi bir dövlətin Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Nikolun bütün çirkli əməlləri, onun Soros fondundan yardım adı altında, nə qədər maliyyə aldığı, aldığı bu pulları harada gizlətdiyi barədə məlumatlıdır. Amma Vanetsyan elə “qabiliyyət” sahibi deyil. Onun “mənim qürurum var” seçkiqabağı blokunun lideri olmasını siz təsadüf kimi qəbul etməyin. Qeyd edim ki, onun hansı “qürur” sahibi olduğuna, bəzi ermənilərin şübhəsi var deyə, mən onların necə “yanıldıqlarını” “sübut” etməyə çalışacağam...

Başlayaq... yadınızda olar, ay ermə...nankorlar, Artur Vanetsyan Ermənistan Futbol Federasiyasının sədri olanda ölkə futbolu necə inkişaf etmişdi? Niyə danırsınız? Hətta alman millisi də bunu eşidib erməni komandası ilə üz-üzə gəlməkdən ehtiyatlanırdı. Amma çox heyif ki, Ermənistan futbol yığmasının “adi bir səhv” üzündən italyanlara uduzması Vanetsyanın “qüruruna” pis təsir elədi və o federasiya sədri vəzifəsindən istefa verdi. İndi, ay ermə...nankorlar, siz deyin, qürursuz adam belə bir iş görərdimi? Əlbəttə, yox”. İndi sizin, durub, Ermənistan Futbol Federasiyasının sədri vəzifəsini ictimai vəzifə kimi qələmə verib, Vanetsyanın oradan gəlir götürmədiyinə görə oradan getdiyini deməniz, məncə, “yalandır”. “Qüruru” olanlar pulgir olmurlar...

Ona görə də burada Artur üçün qürur məsələsi vardı və elə “yüksək qürur” ki, bu, bu günə qədər ancaq ermənilərdə “müşahidə edilib”.

...Gəlin davam eləyək...2019-cu ilin sentyabrında Vanetsyan Ermənistanın Təhlükəsizlik Xidmətinin rəhbəri postundan “istefa verdi”. İndi çoxlarınız başlamısınız ki, bu onun İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanla birgə etdikləri danosbazlığa görə, baş verdi. Burda da, yanılırsınız, Artur hər xırda məsələyə görə “qürurunu satan” ermənilərdən deyil. ...Onun Nikolun yerinə göz dikdiyi barədə “şaiyələri” də mən indi sizdən eşidirəm.

Nə isə, ay ermə...nankorlar, siz bilmirəm, amma mən, doğrudan da, “qüruru” olan birinin ölkənin baş nazirinin onu “russkiy şpion” çağırmasını gedib Solovyovun ovcuna qoymağını heç qəbul edə bilmirəm. İndi Nikol, səni yaxından tanıyanın biri kimi, səni öz adınla çağırıb, sənsə bunu “dünyaya” yaymağa çalışırsan.

...Təbii ki, burada “erməni qüruru”ndan söhbət gedirsə, deməli, bu, başadüşüləndir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə