Hər şeydən əvvəl bildirək ki, ermənilərin “gələcək baş naziri olmağa hazırlaşan” Serj Sarkisyan hazırda Ermənistanı dilənçi gününə salmış Paşinyan rejiminə qarşı mübarizənin səngərində yanında olmaq istəyənlərin hamısının səy və dəstəyini qiymətləndirməyə hazır olduğunu bildirib. Belə görünür ki, bunun üçün onun “əsası” da var. Robert Koçaryandan əskik bir “erməni kişisinin” (?) oğlu deyil ki... Hə, indi nə olar ki, boyu bir balaca Robertin boyundan balacadı... Koçaryan ermənilərin qabağına çıxıb özünü öyüb, gələcək mifik planları barədə yalanlar uydurursa, bəs, onda Sarkisyan niyə “ağzına su alıb” oturmalıdır?
...Beləliklə, indi də “meydan” Serj Sarkisyanındır. Doğrudur, “meydan” seçici sarıdan bir az kasad olsa da, amma şübhə etmirəm ki, Sarkisyanın bu çıxışından sonra ermənilər Serj barədə bir-birlərini məlumatlandıracaqlar deyə, növbəti “meydan” “dolub-daşacaq”.
Burada onu da deyim ki, “nə qədər ağır olsa da”, Sarkisyan ilk nitqinə “kədərli” bir xəbərlə başlayır: “Artıq bu günlərdə bir ay olacaq ki, Azərbaycan bölmələri bizim “suveren ərazimizdədir. Onlar hər gün bizim hərbçilərimizlə yanaşı, çoban-çoluğumuzu da qoyun kimi qabaqlarına qatıb aparırlar.
Düşünürəm ki, belə davam edərsə, bizə nə ölkədə, nə də xaricdə heç kim hörmət etməyəcək. Belə ki, bizi kimsənin belə hesablamaq istəmədiyi hiyləgər bir millət və dövlət kimi, qəbul edəcəklər”.
Deyim ki, əgər, doğrudan da, dünya əsil həqiqəti etiraf edib, erməniləri hiyləgər bir millət və dövlət kimi tanıyardısa... “inanın” ki, bu “mədəni və əzabkeş” bir xalqa qarşı “edilmiş” ən böyük haqsızlıq olardı.
Elə, Sarkisyanın da dediyi budur ki, ey mənim “haqsevər xalqım”, bu qədər məyus və laqeyd olmayın. Bu, sizin səhhətinizə ziyan vura bilər. Hazırda mənim rəhbərlik etdiyim Ermənistan Respublikaçılar partiyası sizləri seçim edərkən səhvə yol verməməyə çağırır. Məncə sizin normal bir insana borcunuzu verməyiniz elə sizin üçün də şərəf və ləyaqət məsələsidir.
Sizi deyə bilmərəm, amma mən Sarkisyanın “normal bir insan” deyərkən, onun özünü nəzərdə tutduğunu düşünürəm. Əslində, mən buna şübhə də etmirəm.
Sarkisyanın sözlərinə görə, mövcud Paşinyan hökuməti yalnız xalqı parçalamaq və zəiflətmək istiqamətində uğur qazana bilib, müharibəni biabırcasına uduzub. Halbuki, “qalib” də gələ bilərdik. Bunu təkcə mən demirəm, baxın bizim hörmətli generalımaz Yuri Xaçaturov da “təsdiq edir”. Nə qədər olmaya, generaldı, hərb sənətini gözəl bilir. O gün o mənimlə söhbət zamanı deyir ki, Serjik, əgər sən hakimiyyətdə qalsaydın, biz bu müharibəni yüz faiz qazanardıq. Təbii ki, o mənim nələrə “qadir olduğumu” yaxşı bilir.
Sarkisyanın dediyindən belə başa düşülür ki, hakimiyyətdə olduğu ərəfədə heç bir erməninin xətrinə belə dəyməyib. Dediyinə görə, o, həmişə ölkə daxilində həmrəylik və birliyi təmin etməyə çalışıb: “Mən heç vaxt Nikol kimi, ağı-qaraya və ya qaranı-ağa bölməmişəm. Elə ona görə də, vətənin gələcəyi uğrunda mübarizəni sona çatdırmağa hazıram. Mənim necə bir humanist insan olduğumu da sizin yadınıza salmaq istəyirəm. Yadınızda olar, o vaxt vəzifə üçün “əldən gedən” Nikol çarxa düşmüş məndən, müvəqqəti də olsa, yerimə keçib baş nazir olmaq istədiyini deyəndə, əvvəl imtina etdim. Amma sizinlə bərabər elə məndə də olan “erməni humanizmi” güc gəldi deyə, Nikoldan imtina edə bilmədim. Amma indi mən Nikolun necə də bir yarıtmaz olduğunu görürəm”.
...Bu arada, erməni xalqına güvəndiyini, xalqın da ona etimad göstərəcəyinə “əmin” olduğunu bildirən Sarkisyan, dünyanın elə əvvəldən balacaboylular tərəfindən idarə edildiyini də seçicilərinə xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB