“Müharibə bitməyib, sadəcə, atəşkəs elan edilib...”

“...ağcaqanadı vızıltısına görə yox, adamların qanını sorduqlarına görə öldürürlər”
“Müharibə bitməyib, sadəcə, atəşkəs elan edilib...”

Deyirlər ki, özündən razı olan insanları ətrafdakılar heç vaxt xoşlamırlar, onlar özləri isə çox vaxt olmayan “qürur”larına söykənərək sonda tənha qalırlar…

…“Qarabağda müharibə bitməyib, sadəcə, atəşkəs elan edilib”. Qeyd edim ki, bunu Qazaxıstanın paytaxtı Nur-Sultanda səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan bu ölkədə yaşayan erməni icmasının nümayəndələri ilə keçirdiyi görüş zamanı bildirib.

Təbii ki, erməni prezidentinin bu fikirlərini ilk olaraq ancaq onun millətinə xas olan təkəbbürdən irəli gəlməsi kimi də yozmaq olardı. Amma, mən bunu suda boğulan birinin saman çöpündən can diləməsinə bənzədirəm. Unutmayaq ki, yaşadığı məkandan asılı olmayaraq, erməni elə hər yerdə ermənidir.

Maraqlıdır ki, erməni prezident müharibənin hələ bitmədiyini sülh müqaviləsinin “bağlanmaması” və daha nə bilim nələrləsə əlaqələndirir. Əslində, mən bunun da ancaq ermənilərə məxsusluğunu, yəni erməninin erməniyə verdiyi təsəllisi kimi də qəbul etmək istəyirəm.

Xatırladaq ki, bir müddət bundan əvvəl erməni prezident Azərbaycanla müharibədəki biabırçı məğlubiyyətin yükünü təkcə Ermənistanın bugünkü cəmiyyətinin deyil, gələcəkdəki erməni nəsillərinin də daşıyacağını bildirmişdi. Qeyd edək ki, indi “atəşkəs”in elan olunduğunu bildirən Armen Sarkisyan, niyə Ermənistanın müharibədə düçar olduğu acı məğlubiyyət və bu məğlubiyyətin onlar üçün yaratdığı faciələri ilk etiraf edənlərdən biri olduğunu qazaxıstanlı ermənilərə demir?

Yəqin ona bu etirafları etməyə “erməni qüruru” imkan vermir.

Deyim ki, 44 günlük müharibədən sonra ölkəsinin müxtəlif istiqamətlərdə tənəzzül etdiyini açıq şəkildə dilə gətirənlərdən birincisi elə Armen Sarkisyan olmuşdu. Bununla yanaşı, Ermənistan dövlətçiliyində uzun illər ərzində dağıdılma prosesinin getdiyini, müharibənin isə bu dağıdılmanı çılpaqlığı ilə ortaya qoyduğunu da ilk dəfə erməni prezident etiraf etdi.

O da maraqlıdır: indi qazaxıstanlı ermənilərə “atəşkəs” barədə danışan erməni prezidentin, görən, məqsədi nədir? Yəni, doğrudanmı, o erməni ordusu ilə bağlı nəyəsə ümidlidir. Məgər o hələ müharibədən əvvəl ölkəsində hərbiyə çağırmağa əskər tapmadıqlarını unudubmu? Mən hələ indi Ermənistanda yaşanan miqrasiya bumunu demirəm...

...Burada bilmirəm nə qədər yerinə düşər, amma yaponlardan xatırladığım bir məsəli çəkmək istəyirəm. Belə ki, yaponlarda məsəl var deyərlər “...ağcaqanadı vızıltısına görə yox, adamların qanını sorduqlarına görə öldürürlər”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə