"TikTok" necə yarandı? - MARAQLI FAKTLAR

Vine ilə başlayan qısa bir video paylaşma tendensiyası fenomen tətbiq “TikTok” ilə davam edir. 15 saniyəlik videolar ilə sosial mediada iz qoyan və uzun müddət danışılacaq meyilləri ortaya qoyan "TikTok", son dövrün ən uğurlu sosial media platformalarından biridir. SİA-nın verdiyi məlumata görə, tətbiq qısa müddətdə bütün dünyada populyarlaşaraq “Facebook”, “Youtube”, “Instagram” kimi platformalara rəqib olub və 800 milyondan çox aktiv istifadəçi ilə öz adından söz etdirir.

Qısamüddətli video yaratma, paylaşma və canlı yayım konsepsiyası ilə adını bütün dünyaya tanıdan bu tətbiqetmənin əslində maraqlı bir yaranma hekayəsi var. Sosial mediada mübaliğəsiz fırtına effekti yaradan bu platforma “ByteDance” şirkəti tərəfindən 2016-cı ildə istifadəyə verilib. “ByteDance”in qurucusu Çinli internet sahibkarı Zhang Yimingdir. Sahibkar həm də bu şirkətin baş direktoru vəzifəsini icra edir.

“TikTok” əvvəlcə 2016-cı ilin sentyabrında Çində “Douyin” adı ilə ByteDance tərəfindən istifadəyə verilib. Daha sonra şirkət tətbiqetmənin adını beynəlxalq bazara uyğunlaşdırmaq üçün 2017-ci ilin sonlarına doğru “TikTok” etdi. Bu, məşhur “TikTok” tətbiqi üçün əla bir başlanğıc olub.

Pekin mərkəzli bir internet texnologiyası şirkəti olan ByteDance 2012-ci ildə Zhang Yiming tərəfindən qurulub. Ev sahibliyi etdiyi tətbiqetmələrlə Çinin ən böyük şirkətləri arasında yer alan "ByteDance", 2018-ci ilədək bu məzmunlu platformalarda gündəlik 800 milyondan çox aktiv istifadəçiyə çatmağı bacarıb.

"ByteDance" inkişaf etdirdiyi tətbiqlərin populyarlığını artırdıqdan sonra investorların diqqət mərkəzinə çevrilib. Bu yolla şirkət 2021-ci ilə qədər bazar dəyərini 250 milyard dollardan çox artıraraq “Coca-cola” kimi nəhəng şirkətləri belə geridə qoymağı bacarıb.

Qısa müddətdə fenomene çevrilən “TikTok”, əslində ByteDance şirkətinin etdiyi bir sıra doğru həmlələrin uğurlu nəticəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə