“Qeyrətli qardaşın namuslu bacı təəssüfkeşliyi…” - SARKAZM

“Qeyrətli qardaşın namuslu bacı təəssüfkeşliyi…” - SARKAZM

Sən demə, dünyada “erməniləri sevib onun dərdini öz dərdi bilən, hər çətin günündə onların yanında olmağa can atan” dövlətlərin sayı-hesabı yoxmuş. Amma ermənilərin çoxu bundan xəbərsizmiş və xəbəri olanlar da “təvazökarlıq” edib bunu sadə ermənilərdən gizlədirmişlər. Bax budur, “erməni məğrurluğu”, “erməni əyilməzliyi”... bu millət həmişə “gözütox” millət olub deyə, başqa dövlətlərin ona yardım kimi təklif etdiyi ianələrdən belə imtina edib.

Budur, ermənilərin özlərinin dediklərinə görə, fransızlar, hələ 44 günlük müharibədən əvvəl ermənilərə yardım göstərmək üçün dil töküblər, yalvarıblar, yaxarıblar...amma, buna baxmayaraq, ermənilər burada da “məğrurluq və əyilməzliklərini” nümayiş etdirərək, frənglərin heç qara qəpiyini belə yaxın buraxmayıblar.

Amma indi belə görünür ki, deyəsən, bu gün ermənilərdə baş qaldıran “vətən təəssüfkeşliyi” “onları sevən dövlətlər sırasında ehtiyatda saxladıqları” Fransaya müraciət etməyə məcbur edir.

Deməli, “suveren Ermənistan”ın “əldən getməsi ilə barışmaq” istəməyən bir neçə erməni “başbiləni” 44 günlük müharibədə silahlarını atıb qaçan “məğlubedilməz erməni ordusu”nun tör-töküntülərini, yenidən, bu dəfə frəng silahları ilə silahlandırıb “əzəmətli və güclü” bir ordu yaratmaq niyyətinə düşüblər.

Ermənilərin dediyinə görə, frənglər bizə top-tüfəng verəndən sonra, KTMT rəhbərliyi, lap elə Rusiyanın özü də bizim “gücümüzə” “qibtə” edəcək. Belə görünür ki, bu işlərin təşkilatçısı kimi, David Sanasaryan əsl “vətənpərvər” ermənilərdənmiş. Nə olsun ki, əvvəllər bir müddət Nikolun yanında “sülənib”. Amma bu təklifinə söz ola bilməz. Biz fransızlardan möhkəm yapışmalıyıq. Makron da siz deyən elə-belə ölkə başçılarından deyil a.... O, elə ilk gündən Azərbaycan qoşunlarının “ölkəmizin ərazisin”dən dərhal çıxarılmasını tələb edib. Amma baxın görün, dünənədək bizim qardaş dediyimiz rusların rəhbəri nə deyir. O, azərbaycanlıların bizim “tarixi torpaqlarımıza daxil olmalarını” “SSRİ dövründən miras qalan Azərbaycan-Ermənistan sərhədinin beynəlxalq hüquqi qeydiyyatının olmaması” ilə əlaqələndirir.

Soruşan gərək, məgər biz ermənilər bunları bilmirik: bəs, onda “qardaşlıq, tərəfdaşlıq” nə oldu?

Ona görə də, bu gün “fransız qardaşlarımızın” kiçik bacısı olaraq onların bizə təklif etdiyi bu şansdan istifadə etməliyik.

Yəni fransızların Cənubi Qafqazda görünüb biz ermənilərin “haqq işi”nin qorumasına kömək etməsinin tərəfdarı olmalıyıq. Bu gün Parisin iki əlini də bizə uzatdığına dünya həsəd aparır. Gəlin, biz ermənilər də “namuslu bir bacı” kimi “fransız qardaşlar”ımızın təklifini qəbul edəyin.

..."Namuslu" qardaşın isə hansı qeyrət sahibi olduğu isə, təbii ki, qaranlıq gecələrin birində məlum olacaq...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə