Suriyada keçirilən prezident seçkiləri ölkənin suveren bir işi və daxili sabitliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm bir addımdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bəyan edib.
"Seçkilərin nəticələrinə görə, hazırkı dövlət başçısı Bəşər Əsəd seçkiyə qatılan seçicilərin 95,1 %-nin dəstəyini qazanıb", deyə bildirilir. Seçkilərdə Əsədin rəqibləri, müxalifət nümayəndəsi Mahmud Marai, eləcə də keçmiş dövlət naziri və Suriya parlamentinin millət vəkili Abdullah Abdullah müvafiq olaraq, 3,3 % və 1,5 % səs qazana bilib.
"Seçkiləri bu ölkənin suveren işi və daxili sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndiririk. Bu ölkə qanunvericiliyi əsasında dövlət qurumlarının normal fəaliyyət göstərməsi, xüsusilə terrorçulara qarşı davam edən silahlı mübarizə fonunda bütün suriyalıların mənafeyinə uyğun olmasından irəli gəlir", deyə Xarici İşlər Nazirliyindən bildirilir.
Nazirlik, Suriyadakı seçki prosesini izləmək üçün Federasiya Şurası və Dövlət Dumasının üzvlərindən ibarət bir Rusiya nümayəndə heyətinin və İctimai Palatanın da daxil olduğu bir sıra ölkələrdən müşahidəçilərin iştirak etdiyini əlavə edib.
Xatırladaq ki, Suriyada növbəti prezident seçkiləri çərşənbə günü baş tutub. Ölkənin bütün əyalətlərində seçicilər üçün 12 min seçki məntəqəsi, həmçinin Moskvadakı səfirliyi və Sankt-Peterburqdakı Baş Konsulluğu da daxil olmaqla ölkə xaricdəki diplomatik nümayəndəliklərində 46 seçki məntəqəsi açılıb. Seçkilərdə ümumilikdə 14,2 milyon Suriyalı iştirak edib, iştirak nisbəti 78,64 % olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB