“…Bu gün dünya təkcə kor siyasətçilərdən ibarət deyil. Onlar hər şeyi, o cümlədən azərbaycanlıların “biz ermənilərə yaşatdıqları zülmü”, bütün bu baş verənlərin isə əsas günahkarının Nikol Paşinyan olduğunu yaxşı görürlər.
Axı, özünüz deyin, gecənin bir vaxtı “Azərbaycan təxribatçıları”nın “ərazimizə” keçib “məzlum erməni əsgərləri”ni şirin yuxudan etmələrinə nə ad vermək olar? Əslində, bu “yenilməz erməni ordusu” üçün silinməz bir ayıbdır. Azərbaycanlılar bununla Ermənistanın “ərazi bütövlüyü” və “suverenliyi”ni ayaqlar altına atmış oldular. Təbii ki, bütün bu baş verənlərdən Nikolun məlumatlı olduğunu Ermənistanda hamı olmasa da, çoxları məlumatlıdır.
Əlbəttə, baş verənlər azərbaycanlıların biz ermənilərə qarşı hazırladığı “növbəti təxribat” olduğunu deməyə əsas verir. Cünki, bu gün Ermənistan ordusunda aparılan “yenidənqurma” ilə bağlı işlər çoxdur deyə, “igid əsgərlərimiz” gecə və gündüz çalışırlar. Onların “N” saylı hərbi hissə ərazisindəki mühəndis işləri uzun çəkib deyə, “zəhmətkeş əsgərlərimiz” saatın neçə olduğuna diqqət çəkməyiblər. Bundan əlavə, dediyim kimi, iş çoxdur deyə, onlar “bu günün işini sabaha qoymaq” da istəməyiblər. Ona görə də, onların işi gecə saat 3-ə qədər uzanıb. Hə, indi burada nə var ki?
...Amma “qəhrəman tarixə malik” erməni ordusunun “igid əsgərlərini” əlləri bağlı yerə uzadıb fotolarını paylaşmaq nə demək? Bu, məgər “erməni igidlərinə” qarşı “hörmətsizlik” deyilmi? İndi bu “igidlər” “əsirlikdən qayıtdıqdan sonra” hansı üzlə çıxıb İrəvan küçələrində gəzəcəklər?
Təbii ki, bu da onlara Ermənistandan getmək üçün böyük stimullar verəcək. Çünki, erməni əsgərinin “qüruru” dünyada adnandır. Bu “qürur” hörmətsizliyə “məruz qaldısa”, deməli, onu “bərpa etmək” çətin məsələdir. Biz ermənilər bununla bağlı nümunələr də göstərə bilərik, lakin, gəlin... çox baş aparmayaq...
Amma baş verənlərdə bəzi ermənilərə sərf edən nüanslar da var. Məsələn bu hadisə Paşinyanla bağlı bütün ermənilərin şübhələrini ortaya qoydu: yəni Nikolun əsl xain olmasını bütün ermənilərə faş elədi. Biz artıq lap yüz faiz əminik ki, bu gün Nikol Anna ilə əl-ələ verib Ermənistanı yeni faciə və fəlakətlərə aparır.
Əslində dünən onun BMT Təhlükəsizlik Şurasına müraciət etməsi də gözdən pərdə asmaqdır. Cavab gəlsəydi, elə KTMT-dən gələrdi. İndi biz, həmişə olduğu kimi, mədəni Qərbdən və ya Putin Rusiyasından kömək istəyə bilərik. Amma, əminik ki, “bizim haqq işimizə” heç kim “dəyər” verməyəcək. Biz isə, yenə də, boylana-boylana qalacağıq”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB