Ermənistanda “işçisiz” qalan iş yerləri...

Ermənistanda “işçisiz” qalan iş yerləri...

Erməni saytları yazırlar ki, erkən parlament seçkiləri ərəfəsində Ermənistanın iqtisadiyyat naziri səlahiyyətlərini icra edən Vaqan Kerobyan ölkə vətəndaşlarını xoş xəbərlərlə sevindirməyə qərar verib. Kerobyan deyib ki, o nazir səlahiyyətlərinin icraçısı kimi qısa vaxt kəsiyində ölkənin iş təminatında 5,7, vergi bazasında isə 20 faiz artıma nail olub. Əslində, Vaqanın bu işdə təzə olduğunu nəzərə alsaq, onun əldə etdiyi “uğura” pis demək doğru olmazdı.

Amma nə deyəsən ki, ermənilər belə bir mütəxəssisə də yan çevirirlər. Hətta utanıb-qızarmadan onu hələ bir, yalan danışmaqda da ittiham etməyə çalışırlar. Belə ermənilərə nə deyəsən?

Məgər, təkcə hələ bu ilin mart ayında, yəni dünya koronavirus pandenimiyası altında inlədiyi bir vaxtda “özünü oda-közə” vurub, siz ermənilər üçün ölkədə 622 min iş yeri açmaq asandırmı? Siz ermənilər, niyə, Kerobyanın Paşinyanla əl-ələ verib aprel ayında bu rəqəmin 626 minə çatdırdığını unudursunuz?

Siz hələ yeni açılacaq iş yerləri ilə bağlı may ayının statistikasını gözləmədən sivişib Ermənistandan qaçmaq istəyirsiniz. Unudursunuz ki, yeni açılan və bundan sonra da açılacaq bu qədər “pullu-paralı” iş yerləri “başsız” qalacaq?

…O boyda dövlət səlahiyyətlilərini yalançılıqda suçlamaq nə demək? Deyirsiniz ki, Nikol Paşinyanla Vaqan Kerobyanın “yeni açılan” iş yerləri ilə bağlı hesablamalarında 4 mindən artıq fərq var. Yəni Vaqan Kerobyanın yeni iş yerləri ilə bağlı dediyi rəqəm Nikol Paşinyanın dediyindən 4 min çoxdur. Hələ bir sual da edirsiniz: bu, nətəər olur?

İnsandı da, səhv edə bilər. Siz heç səhv etməmisiniz? Əslində, burada başqa nüanslar da ola bilər. Məsələn, iqtisadiyyat naziri səlahiyyətlərini icra edən Vaqan baş nazirdən xəbərsiz açdığı yeni iş yerlərini Nikola sürpriz etmək istəyib. Axı, Vaqan da sona qədər bu boyda ölkənin iqtisadiyyat nazirinin səlahiyyət icraçısı kimi qalası deyil ki…

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə