Ermənilərin yalan dağarcığı qayıdır…

Ermənilər Artsrunun yenidən “peyda” olmasından “ehtiyatlanırlar”…
Ermənilərin yalan dağarcığı qayıdır…

Ermənistanın Müdafiə Nazirliyi erməniləri sakitləşdirmək üçün özünü “həlak etməkdə” davam etsə də, qarşı tərəf isə nazirliyin yeni yalanlarına inanmaq istəmir. Maraqlıdır ki, bəzi ermənilər hətta Ermənistan müdafiə nazirliyinin keçmiş mətbuat katibi Artsrun Ovannisyanın yenidən nazirlikdə peyda olmasından ehtiyatlanırlar.

Xatırlayırsınız da, 44 günlük müharibə zamanı Ovannisyan guya “qəhrəman erməni ordusunun” Azərbaycana məxsus 25 hərbi təyyarəsini, 16 helikopterini, 252 pilotsuz uçan aparatını, daha nə bilim, 697-dən artıq zirehli maşınını “sıradan çıxardığı” barədə yalanları ermənilərə elə sırımışdı ki, sonradan, az qala, özü də buna inanmağa başlamışdı. Amma daha sonradan “qəhrəman erməni ordusunun” döyüş meydanında öz hərbi texnikalarını qoyub qaçmaları, Artsrunu “pəjmürdə etməklə” yanaşı, onun bütün “əməyini də” zibilə tay etmişdi.

İndi, ermənilərin müdafiə nazirliyi deyəndə ki, ay ermənilər, qorxub-eləməyin, Azərbaycan Ordusu nə Qara gölə, nə də Sevana yaxınlaşa bilib, bu dəfə “bu yazıq ermənilər” də Artsrun Ovannisyanın yenidən nazirlikdə “xortlamasından” ehtiyat edirlər.

Məsələ bundadır ki, 44 günlük müharibənin sonunu gözləməkdən ehtiyatlanan sabiq mətbuan katibi bu günlərdə Amerika istirahətindən təzəcə qayıdıb. Deyilənə görə, müharibədəki biabırçı məğlubiyyətə baxmayaraq, Artsrun qəriblikdə boş-bekar dayanmayıb, erməni əsgərlərinin “qəhrəmanlığı” barədə əntiqə bir kitab da yazıb. Onun Ermənistana tez qayıtmasının əsas səbəblərindən biri də məhz həmin o əntiqə kitabı tezliklə tirajlayıb xalqının “qəhrəmanlıq ruhunu” qaldırmaqla bağlıdır.

Burada, mənə qəribə gələni bilirsiniz nədir? Erməni saytlarının yazdığı… Məsələn, onlar yazırlar ki, Artsrunun yalanlarından sonra, guya müdafiə nazirliyi etibar qazanmaq üçün hələ çox çalışmalı olacaq. Lənətə gələsən, kor şeytan! “…Əli qələm tutan ermənilər həmişə çalışıblar ki, yalan-dolanla özlərinə tarix düzəltsinlər”. Bunu ki, mən demirəm. Elə isə, bunun üçün “üzdəniraq erməni tarixçilərinin, yaxud tarix elmindən siyasi məqsədləri üçün istifadə edən ermənilərin “əsərlərinə” baxmaq kifayətdir”.

…İndi bir dənə bu “yazıq” Artsrunun yalan danışmağıyla Ermənis… yox ey, dünya dağılmayacaq ki. Əslində, siz ermənilər onun könlünə belə toxunmadan onu ölkədəki nazirliklərin birinə gətirib “təxtə” mindirməlisiniz. Ona görə ki, Artsrun özünüzünküdür, yəni əsl ermənidir.

…Bundan əlavə, bu gün Ermənistanda seçki ilə bağlı kampaniyalar gedir. Artsrun Ovannisyan da erməni “siyasətində yalanla bişmiş” təcrübəli bir kadrdır. Ona görə də, Ermənistanda seçkilərə qatılacaq partiya və fraksiya rəhbərləri “siyasətdə bişmiş biri” kimi onun təbliğatçılıq qabiliyyətindən yararlanmağa çalışmalıdırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə