“Kiçik insanların kölgəsi böyüyürsə, demək, o yerdə Günəş batır”

“Kiçik insanların kölgəsi böyüyürsə, demək, o yerdə Günəş batır”

Dünya kinosunun ən məşhur simalarından biri olan Çarli Çaplinin belə bir fikri var: “Dünya hamıya çatacaq qədər böyükdür. Başqasının yerini tutmağa çalışmaqdansa, öz yerin haqqında fikirləş…”.

Təbii ki, məşhur aktyor “başqasının yeri” deyərkən, bunu kiminsə köməyi ilə başqasının tutulan torpağına dair yox, kiminsə cəmiyyətdə tutduğu mövqeylə bağlı demiş olsa da, amma etiraf edilməlidir ki, bu fikirlərdə böyük həqiqət var.

Bu gün ermənilərin “həqiqətə bənzətməyə çalışdıqları” yalançı hay-həşirlərinə baxanda adamın yadına “özgə atına minənin tez düşməsi...” məsəli düşür. Əslində, 30 ili “tez” kimi təqdim etmək elə də doğru olmazdı...

Maraqlıdır ki, erməni saytları 30 ildən sonra öz doğma torpaqlarına qayıdıb haqq-ədaləti bərpa etmək istəyən Azərbaycan əsgərlərini elə təsvir edirlər ki, bu zaman nəinki hərbi xidmətə yeni çağırılan erməni əsgərləri, hətta yerli ermənilər də “qorxudan gecə yatmadıqlarını” etiraf etməyə başlayıblar.

Hətta o gün ermənilərin “iqtisad elmləri doktoru” kimi, təqdim etdikləri Tatul Manaseryan adlı birisi ermənilərə xitabən, “ayə, qoymayın, “düşmən” bizi yenidən soyqırım hədəfinə götürməyə gəlir”-deyə xalqına “acı bir müjdə” ilə xəbərdarlıq edib.

Bu məqamda güman kimədir, təbii ki, yenə də KTMT-yə. Amma türklər demiş, nə yazıqlar ki, KTMT də erməniləri “yarı yolda qoydu”.

Əslində, ermənilərin əsl günahkar kimi özlərini görməyib, kənarda günahkar axtarmaları çox gülünc görünür.

Məsələn, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru olmuş David Şahnazaryan kömək üçün rəsmi olaraq həm KTMT-yə, həm də Rusiyaya müraciətlərinin hələ də cavabsız qaldığından “gileylənib”.

Onun dediklərindən bu nəticəyə gəlmək olur ki, Rusiya və ya KTMT gəlib ermənilərin “nahaq əməllərinə” haqq donu geydirməlidirlər. Şahnazaryana görə, ermənilərə “siyasi müttəfiqlik”, “qardaşlıq” məhz bu məqamda göstərilməlidir.

Qeyd edək ki, ruslardan “bu mərhəməti” görmədiklərini dilə gətirən sabiq xidmət direktoru, onların qarasınca bir xeyli “gileyləndikdən” sonra, ruslardan fərqli olaraq, 44 günlük müharibə dövründə fransızların “daha layiqli” qardaşlıq nümayiş etdirdiklərini dilə gətirir.

Təbii ki, müharibə dövründə fransızlar balaca bacıları saydıqları ermənilərə olmazın “nəvaziş” göstəriblər. Məsələ bundadır ki, bunu Şahnazaryan da etiraf edir. O deyir ki, müharibə dövründə fransızlar bizə öz silahlarından istifadə etməyi təklif etdilər, lakin “befər Nikol” bunların heç birindən yararlanmadı. Çünki onun hakimiyyətə gəlməkdə məqsədi Ermənistanı dağıtmaqdır. Şahnazaryana görə, bu gün ölkədə yaşanan hadisələrin gələcək inkişafı ssenarilərini təsəvvür etmək çox çətin və qorxuncdur. Burada bir neçə ssenari var ki, bunların da hamısı Ermənistan dövləti üçün çox pis nəticələrə gətirib çıxaracaq.

...Bəlkə də yeri olmasa da, burada Çinin qədim mütəfəkkir və filosofu Konfutsinin aşağıdakı fikirləri yadıma düşür: “Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək, o yerdə Günəş batır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə