Sizi bilmirəm, amma mənə elə gəlir ki, sabiq ikinci erməni prezidenti Robert Koçaryan öz millətinin “əsəbi ilə oynayır”. Yəni “dövlətin əsas funksiyalarından biri -öz təhlükəsizliyini təmin etməkdir” deməklə, elə bil nəsə bir yenilik kəşf etdiyini düşünür. Guya vaxtilə o, ermənilərə prezident kimi rəhbərlik edəndə, Ermənistan sərhədi keçilməz olub. Yəni, erməni sərhədini heç bir quş da səkə bilməyib.
Məncə, Koçaryan bunları xalqına bəyan etməklə, onları yeni baş nazir seçimində tərəddüdlə üz-üzə qoymuş olub. Axı, niyə də, Ermənistanda prezident olduğu dövrdə “onun yaratdığı hərbi qüvvənin” qorxusundan sərhədinə yaxın düşməyə cəsarət etmədiyi bir kəs, yəni Koçaryan niyə də yenidən ölkənin baş naziri kimi özünü sınamasın?
Budur, erməni çobanları ombudsman Arman Tatoyana şikayətçi düşüblər ki, “sərhədimizə” yaxınlaşan Azərbaycan əsgərlərinin qorxusunda daha qoyun da otara bilmirik. Doğrudan da, “dünyanın seçmə millət” nümayəndələrinin belə şikayətlənməsi “böyük dərddir”.
Baxın, elə buna görə də, Koçaryana haradasa “haqq qazandırmağa dəyər”. O, acıq deməsə də, amma üstüörtülü şəkildə baş nazır olacağı təqdirdə, heç bir dövlətdən hərbi yardım istəməyəcəyini, Ermənistanın üzləşdiyi bütün problemləri “yerli resurslar” hesabına həll edəcəyini bildirir.
Qeyd edilməlidir ki, Koçaryan sabiq olanda nə olar, düz danışır da... Bu adam deyir ki, ay mənim millətim, siz kömək üçün niyə KTMT-yə müraciət edirsiniz. Məgər siz ermənilər Azərbaycanın bu təşkilatda təmsil olunmamasına baxmayaraq, amma onun təşkilatdakı dəyərinin Ermənistandakından çox olduğunu bilmirsiniz? Məgər siz, elə mən də daxil olmaqla bilmirik ki, KTMT-yə üzv olan Belarusiya, Qazaxıstan və digər ölkələr Azərbaycana Ermənistandan artıq önəm verirlər.
Koçaryana görə, belə olan halda, Ermənistanın KTMT-yə ünvanladığı müraciətlər cavabsız qalacaq.
...Belə görünür ki, Robert Koçaryan Ermənistana rəhbərlik etdiyi dövrdəki illərini elə-belə yelə verməyib. Yəni prezident olduğu illərdə öz erməni xalqının içinə dərindən nüfuz edərək, onu daha yaxından tanıya bilib. Əgər belə olmasaydı, o, ermənilərin “News.am” saytına verdiyi açıqlamasında artıq sınmış millətinin bundan sonra müqavimət göstərməyəcəyinə və ölkənin bütün məsələləri ilə bağlı bütün sənədləri imzalamaq məcburiyyətində qalacağına əminlik bildirməzdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB