Çexiya prezidenti niyə üzr istədi? ZEMAN ƏZAB ÇƏKİRMİŞ

Çexiya prezidenti Miloş Zeman, 1999-cu ildə NATO ölkələri tərəfindən bombardman edildiyi üçün Serb xalqından bağışlanma diləyərək, uzunmüddətli travmadan qurtulduğunu söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, "Serbiya xalqından üzr istəyirəm" başlığı ilə etdiyi açıqlamanın mətnini "Facebook"da prezidentin mətbuat katibi Yirji Ovçaçek yayımlayıb.

“Serbiya prezidenti cənab Aleksandar Vuçiçlə bu gün ənənəvi Çexiya-Serbiya dostluğundan danışdıq. Hər iki vəziyyətdə Serbiya xalqı bizə dəstək olduqlarını dilə gətirdi. Biz isə bombardmanla cavab verdik", deyə Zeman bildirib.

Prezident hətta üzr də istəyib. "Odur ki, bu fürsətdən istifadə edərək o vaxtkı Yuqoslaviyanın bombalanması üçün öz adımdan üzr istəmək istəyirəm. Bir insan olaraq Serbiya xalqından bağışlanma diləməyi istərdim. Bu məni bütün bu müddət ərzində narahat edib", deyə Miloş Zeman əlavə edib.

Eyni zamanda, Zeman Yuqoslaviyanı bombalamaq qərarının verildiyi dövrdə Çex Respublikasının artıq NATO-nun üzvü olduğunu da xatırladıb.

"Biz bombardmana razılıq verən NATO ölkələrindən sonuncusu idik və ümidsiz şəkildə bizə qarşı çıxdığını deyəcək ən azı bircə ölkə axtarırdıq, ancaq tək qaldıq. Ancaq yenə də bu bizə haqq qazandırmır, çünki bu cəsarət çatışmazlığının təzahürü idi. Bu üzr istəməklə və bağışlanma diləməklə illərdir davam edən travmadan qurtuldum, çünki tövbə əzabdan azad edir və mən də bunu dedim və ruhumu xilas etdim", deyib Zeman.

Xatırladaq ki, Çex Respublikası 12 Mart 1999-cu ildə NATO-ya qəbul edilib və 12 gün sonra, Şimali Atlantik İttifaqının qüvvələri tərəfindən o vaxtkı Yuqoslaviyanın bombalanması başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə