Kremlin Cənubi Qafqazdakı oyunu erməniləri “qane etmir”...

Ötən gün ermənilərin xarici işlər nazirinin müavini Artak Apitonyan ölkəsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə Azərbaycanın Ermənistana qarşı “aqressiv ritorika”sından danışaraq onlara “şikayətçi düşüb”. Apitonyan görüşdə qeyd edib ki, Azərbaycan tərəfindən beynəlxalq hüququn “kobud şəkildə pozulması” bölgədə sülh və təhlükəsizliyə ciddi bir təhlükədir.

Ermənistanın beynəlxalq ictimaiyyətdən müvafiq cavab gözlədiyini deyən Apitonyan “ölkəsinin BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini qorumaq hüququnu özündə saxladığını da” diqqətə çatdırmağı unutmayıb.

Qeyd edək ki, bəzi erməni saytları nazir müavinin açıqlamalarına diqqət çəkərək, onun təmsil etdiyi nazirliyə nümayiş etdirdiyi istehzasını da gizlətməyiblər.

Bəli, Ermənistan öz ərazisini müdafiə etmək hüququnu özündə saxlayır.

Erməni saytlarının əksəriyyətinin fikrincə, ermənilər “öz ərazilərini” müdafiə etmir, sadəcə BMT Nizamnaməsinə uyğun olaraq “özünü müdafiə etmək hüququ” olduğunu xəbərdar etməklə, qarşı tərəfə bir növ “xox” gəlir.

Maraqlıdır ki, erməni saytları ölkədə vəziyyətin son günlər daha da ciddiləşdiyini bildirərək Ermənistanın “tarixdə ilk dəfə” yardım üçün hərbi-siyasi müttəfi KTMT-yə müraciət etdiyini bir daha xatırladırlar.

Qeyd edək ki, burada diqqətçəkən bir erməni etirafı da nəzərdən qaçmamalıdır. Məsələ bundadır ki, bu gün əksər ermənilər yaşadıqları cəmiyyətin narahatlıq dolu yaşantılarının artıq onlar üçün normaya çevrildiyini dilə gətirməyə başlayıblar.

Təbii ki, bu, gözlənilən idi. Adətən “uzandığı araba kölgəsini öz kölgəsi” bilənlərin aqibəti həmişə belə olub.

İndi İrəvanda akkreditə olunmuş diplomatik nümayəndələri bir yerə yığıb “onlara özlərini haqlı” kimi təqdim etməyə çalışmaq və ya rusları ermənilərə “kömək etməməkdə” günahlandırmaq nə dərəcədə doğrudur?

“Bu gün Moskva Cənubi Qafqazı öz təsir zonasında saxlamaq üçün çox çətin bir oyun oynayır”. Qeyd edək ki, bu fikirləri “ArmInfo” saytına verdiyi açıqlamasında erməni siyasətçi Arman Melikyan bildirib.

Melikyanın sözlərinə görə, Ermənistanın Sünik bölgəsində baş verən son hadisələr zamanı Kremlin Azərbaycana qarşı “passivlik göstərməsi” onu bu qərara gəlməyə “vadar edib”.

Qeyd edək ki, erməni siyasətçi gəldiyi qərara “əsas” da gətirir. Onun fikrincə, İrəvan və Bakı arasındakı problemlərin həlli ilə bağlı konsensus, xüsusi olaraq Moskva üçün vacibdir. Melikyana görə, bu, bir çox hallarda Kreml tərəfindən məcburetmə məqsədi ilə edilir.

Bu cür xarici siyasət oyununu çox mürəkkəb bir oyun olduğunu bildirən erməni siyasətçi Cənubi Qafqazdan kənarda nüfuzlu qüvvələrin olması səbəbindən, Rusiyanın bölgədən qovulmasından ehtiyatlandığını da gizlətmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə