İsrail və Fələstinə danışıqlar üçün dəvət PEKİN VƏ MOSKVADAN GƏLDİ

İsrail və Fələstinə danışıqlar üçün dəvət PEKİN VƏ MOSKVADAN GƏLDİ

Pekin və Moskva İsrail və Fələstin nümayəndələri arasında birbaşa danışıqlar üçün mümkün platformalar təklif edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, müvafiq açıqlamalar BMT Təhlükəsizlik Şurasının bazar günü başlayan iclası zamanı verilib.

"Çin sülh danışıqlarını asanlaşdırmaq üçün səylərini artıracaq. Fələstin və İsraildən olan sülh tərəfdarlarına Çində dialoqlarını davam etdirmək və hər iki tərəfin nümayəndələrini birbaşa danışıqlar üçün Çinə gəlməyə dəvət etmək təklifimizi bir daha təsdiqləyirik", deyə Çinin xarici işlər naziri Van İ bildirib.

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin də öz növbəsində, İsrail və Fələstin rəhbərləri arasında Moskvada danışıqlara dəvətnamənin də qüvvədə qaldığını söyləyib. O, dinc Fələstin-İsrail dialoqunun yenidən başlaması üçün şərait yaradılmasının vacibliyinə diqqət çəkib.

Xatırladaq ki, İsrail ilə Qəzza zolağı arasındakı vəziyyət mayın 10-da kəskinləşib. O gündən bəri keçən müddət ərzində İsrail hərbçilərinin verdiyi məlumata görə, Qəzza zolağından təxminən 2900 raket atılıb, bunlardan 1150-i raket müdafiə sistemi tərəfindən tutulub. Buna cavab olaraq Həmas hədəflərinə yüzlərlə hava zərbəsi endirilib. Atışma nəticəsində on İsrail vətəndaşı ölüb, 200-dən çox insan yaralanıb. Fələstində isə 188 ölü və 1,2 mindən çox yaralı olduğu bildirilir.

Diqqətə çatdıraq ki, sərhəddə vəziyyətin gərginləşməsindən əvvəl Şərqi Qüdsdə fələstinlilərlə İsrail polisi arasında toqquşmalar baş vermişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə