Ey “gidi” dünya! Məgər ermənilərə “dayılıq edənlər”in vəfası elə bu qədərmiş? Görmürlər ki, “qədim erməni torpaqları əldən gedir”. Əslində, ABŞ və Fransanın susqunluğu bizi daha çox təəccübləndirir. Belə görünür ki, amerikalı konqresmenlər Frenklə Bobdan da bir kar aşmayacaq. Amerikadakı erməni diasporundan aldıqları pullar haramları olsun, heç salamat yeməsinlər. Filan qədər “erməni dolları” alıblar. Kefləri gələndə quru bir “bəyanat” verməklə işlərini bitmiş hesab edirlər.
Amma yenə də az-çox Makrona bel bağlamaq olar. Nə qədər ki, o biz ermənilərin hansı yuvanın quşu olduğumuzdan, yəni “tarixi kökümüz”dən xəbərsizdir, deməli, onun xidmətindən öz xeyrimizə yararlana bilərik.
Biz gərək, elə Makron kimilərin vasitəsilə Ermənistanın necə “nüfuzlu dost və müttəfiq”lərinin olduğunu batan dünyaya sübut etməyə çalışmalıyıq. Bu gün bunun üçün əlimizə gözəl bir fürsət düşüb. Bundan mütləq yararlanmalıyıq. Amma belə görünür ki, səriştəsiz baş nazirimiz olan Nikol bundan istifadə etməyə elə də can atmır. O boyda dövlətin başçısı, Makronu deyirəm, Paşinyana “manevr etmək üçün gözəl imkanlar” verir, lakin İrəvan bu imkanlardan istifadə etmək istəmir.
Amma yenə də Makrona “halal olsun”, belə görünür ki, o başqaları kimi, yaxşılıq itirənə oxşamır. Fransadakı ermənilərin onun üçün etdiklərinin əvəzini hələlik az da olsa, ödəməyə çalışır. O boyda “hörmətli bir şəxs” öz təşəbbüsü ilə Nikola telefon açaraq Fransanın Ermənistanın ərazi bütövlüyünə hörmət etmək öhdəliyini dilə gətirir. “Kişi” kimi, BMT Təhlükəsizlik Şurasının regional sabitliyi və təhlükəsizliyi bərpa etmək üçün bölgədə yaranan gərginliyə bir həll yolu tapmasını istəyir.
Yəni Azərbaycanın Ermənistanın “dövlət sərhədi ni keçərək zəbt etdiyi” Qara göl və ətrafındakı torpaqların Ermənistana qaytarılmasını istəyir.
Bu gün biz ermənilər belə görürük ki, daha rus mütəfiqimizə bel bağlamağa dəyməz. Çünki azərbaycanlılar Moskvanın razılığı olmasaydı Syuniki “işğal” edə bilməzdilər. Burada biz ermənilər üçün təəccüblüsü isə bilirsiz nədir? Paşinyanın Fransa kimi bir dövlət başçısının təkliflərinə razılığının görünməməsi. Bu nədən xəbər verir? Əlbəttə ki, Ermənistan baş nazirinin hərəkətlərinin Kreml tərəfindən məhdudlaşdırıldığından. Bu eyni zamanda, ölkəmizdəki naşı rəhbərlik fəaliyyətinin acı bir nümunəsidir.
...Hazırda Ermənistan “təcavüzə” məruz qalıb, KTMT isə hələ də heç nə etməyib. Azərbaycanın Qara gölü nəzarətə götürməsinə Ermənistanı özünə “ən etibarlı” müttəfiq bilən Rusiya tərəfindən, hələ ki, heç bir reaksiya göstərilməyib. Amma KTMT nizamnaməsinə görə, reaksiya göstərilməlidirlər. Bu onların “Ermənistan qarşısında götürdükləri öhdəlikdir”. İndi nə olsun ki, Qara göl sovetlər dövründə Azərbaycan ərazisi sayılıb. Bəs, onda bizim ruslara bəslədiyimiz “sədaqət” (yalmanmaq demirəm a...) nə olsun? Belə görünür ki, biz ermənilər bundan sonra KTMT-ni daha çiddi bir qurum kimi qəbul etməyəcəyik. Çünki buna “əsasımız” var: bu qurum bizi “qorumaqdan imtina edir”.
...Vaxtilə, ingilis filosofu Frensis Bekon yazırdı ki, miskinlərin daldalanacaq və sığınacaq yeri olan yalanın üzə çıxması dünyada insan üçün ən utanverici bir haldır. Təbii ki, bu fikirləri ermənilərə şamil etmək doğru olmaz. Cünki, “böyük xalqın öz əzəmətini” sübut etməyə çalışmasına heç vaxt ehtiyac olmayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB