Qüdsdə polislə toqquşma ZƏRƏRÇƏKƏN SAYI 180 OLDU

Məbəd dağındakı Məscidi-Əqsa kənarında İsrail polisi ilə toqquşmalar olub və bu zaman 180 fələstinli zərər çəkib. SİA xəbər verir ki, bu barədə Qüds Qızıl Aypara Ofisi məlumat yayıb.
"Səksən nəfər zərərçəkən Qüdsdəki xəstəxanalara aparılıb. Qızıl Aypara işçiləri arasında da yaralananlar var", deyə məlumatda bildirilir.
Fələstin agentliyi Wafa, polisin böyük qüvvələri məscid yaxınlığına çəkdiyini, snayperləri həyətlərə yerləşdirdiyini və fələstinliləri Əl-Əqsa ərazisindən sıxışdırmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyini bildirib. Bir neçə nəfər saxlanılıb.
Xatırladaq ki, Şərqi Qüdsdə toqquşmalar bir neçə gündür davam edir. Qızıl Ayparanın məlumatına görə, son günlərdə təxminən 300 fələstinli yaralanıb. İsrail polisi ən azı 17 yaralı hüquq-mühafizə orqanı əməkdaşının olduğunu bildirib.
Nəzərə çatdıraq ki, bu gün Qüds Günü, altı günlük müharibədən sonra şəhərin şərq hissəsinin İsrailin nəzarətinə keçməsi qeyd olunur. Ümumiyyətlə, ənənəvi olaraq bu gün bayraqla bir yürüş olur, ancaq bu dəfə polis Yəhudilər üçün Məbəd Dağı girişini bağlayıb. Bundan sonra Mərakeş qapısında iğtişaşlar başlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə