Sabiq erməni polisinin ümid dolu arzuları…

Bu dəqiqə Ermənistanda it yiyəsini tanımır deyə. (Nikolun gözündən iraq) hakimiyyəti zəbt eləmək üçün əntiqə bir şans yaranıb. Təbii ki, sabiq erməni prezidentləri Robert Köçəryanla Serj Sarkisyan da yaranmış şəraitdən hər vəhclə istifadə etməyə çalışırlar. Belə ki, ötən gün qələbə günü adı ilə İrəvan küçələrinə çıxan ermənilərin sırasına qatılıb özlərini Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" fraksiyası üzvləri kimi təqdim edən bir dəstə erməni də "aktiv şəkildə" Robertin hakimiyyətə qayıtmasını "tələb edib".

Maraqlıdır ki, hələ Köçəryan dövründə də İrəvanda polis rəisi işləmiş Valeri Osipyan mitinqə qatılanların ümumi sayının 30 minə yaxın olduğunu bildirib. Əslində, buna şübhə edilməməlidir. Çünki Osipyan nəyi bilməsə də, sabiq bir polis kimi mitinqçilərin sayını sayıb hesablamaqda elə də naşı olmamalıdır.

Doğrudur, 1999-cu ilin oktyabrında Ermənistan parlanentində törədilən terror aktının bu gün də məhz Köçəryan tərəfindən törədildiyi iddia edilsə də, Valeri Osipyan bütün bunların artıq arxada qaldığını, bu gün isə Ermənistan üçün "ən münasib rəhbərin" Robert olduğunu bildirib.

Sabiq polis rəisinə görə, Ermənistanı düşdüyü ağır sosial-iqtisadi durumdan hazırda məhz Robert Köçəryan qurtara bilər. Köçəryanın hakimiyyəti dövründə də polis rəisi işlədiyini birdaha xatırladan Osipyan onun "dövlət idarəçiliyinə" heyranlığını da "gizlətməyib": "Əminəm ki, bu gün ölkəni mövcud böhrandan çıxara biləcək yeganə "siyasətçi" Robert Köçəryandır". Deyim ki, bunu Valeri Osipyan erməni saytlarına danışarkən deyib.

Maraqlıdır, görən sabiq polis rəisi Robertin hakimiyyətdə olduğu illərdə Ermənistanda yerləşən əsas müəssisələrin Rusiyaya verdiyindən xəbəri varmı? Təbii ki, Köçəryan bu müəssisələri erməniləri "xöşbəxt" ermək üçün ruslardan aldığı borclar müqabilində onlara verirdi.

Osipyana xatırlatmaq lazımdır ki, bu gün artıq Ermənistanda rusa veriləsi heç nə qalmayıb. Çünki onlar artıq aldılarını alıblar. Belə ki, hazırda Ermənistandakı "əsas aparıcı müəssisələrdə" söz sahibi ruslardır. Ona görə də, əgər sabah Köçəryan yenidən hakimiyyətinə qayıtsa belə, özü ilə Ermənistana "gözəl həyat" gətirə bilməyəcək.

…Yeri gəlmişkən, bir müddət bundan əvvəl Serj Sarkisyanın "ən etibarlı silahdaşı" olan Armen Aşotyan tezliklə hakimiyyətə gələrək, Nikol Pasinyanı "sabiq" kimi arxivin zibilliklərinə atacaqlarını bildirmişdi. İndi yenidən polis rəisi olmağın, Robertə oxuduğu mədhiyyələrin Köçəryan hakimiyyətə qayıdacağı təqdirdə reallaşa biləcəyinə ümid edən Valeri Osipyandan fərqli olaraq Armen Aşotyan bu gün Ermənistanın boyuna ancaq Serj Sarkisyanın ölçüldüyünü bildib.

Məncə, Aşotyan bunu deyərkən Serjin bəstə boyunu nəzərdə tutaraq, dünyanı əvvəldən balaca boyluların idarə etdiyini ermənilərin diqqətinə çatdırmağa çalışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə