Erməni iqtisadiyyatının yeni “tarixi rekordu”

“Arvad döyən kişini it də tutar”...

“Aprel ayında aksiz ödəmələr də daxil olmaqla ölkəmizin vergi gəlirləri təqribən 180 milyard dram təşkil edib. Bu isə, Ermənistan üçün bir aylıq gəlir baxımından tarixi bir rekorddur”.

Qeyd edək ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən gün keçirilən hökumət iclasında bildirib.

Etiraf edilməlidir ki, bu, Ermənistan kimi cılız bir dövlət üçün “böyük göstəricidir”. Amma Nikolu sevməyənlərin “əmma”sı olmasaydı. Belə ki, hələ də Paşinyanın hər “uğuruna” bir şəbədə qoşan “kənar qüvvələr” bu dəfə də istehza ilə “bu yüksək göstəricini” Nikolun “ilk tarixi rekord nailiyyəti” olmadığını bildirirlər. Onların dediyinə görə, əgər Paşinyanın dedikləri ciddi qəbul edilərsə, deməli, Ermənistan iqtisadiyyatı tarixdə heç vaxt bu qədər çiçəklənməyib.

Maraqlıdır ki, hazırda Nikolu sevməyənlər onun dediklərini sensasiyalı nağıllar adlandıraraq bütün bunların Paşinyanın vaxtından əvvəl başlatdığı seçki kampaniyası kontekstinə uyğun gəldiyini bildirirlər. Onların fikrincə, belə yalanlar elə əvvəldən bu hökumətin ideoloji təməli olub. Buna görə də, hazırda baş nazir vəzifəsini icra edən birinin ermənilərə sırıdığı bu yalanlar, əslində, əksər erməniləri elə də təəccübləndirmir. Çünki, məhz Nikol Paşinyanın yalanları əsasında formalaşan “Ermənistan iqtisadiyyatı” hazırda göz qabağındadır.

Bilirsinizmi buradakı maraqlı məqamlardan biri nədir? Nikol rəqiblərinin erməniləri Paşinyanın bu cür açıqlamalarına qulaq asmağı məsləhət görmələri. Onların təəbirincə, bu gün nikolizmə qarşı mübarizə prosesinə qatılanlar, seçkilərdə iştirak etməyə hazırlaşanlar, ölkəni xilas etmək üçün məsuliyyətli bir missiya götürməyə hazır olanlar Paşinyanın bu yalanlarına inanmamalıdırlar. Çünki bu hökumətin ətrafında yaratdığı yalançı nikbinlik mərkəzləri Paşinyan yenidən hakimiyyətə gələrsə, bu zaman daha sərt bir reallıqla üzləşməli olacaq.

Onlara görə, Nikolun hakimiyyətdə olduğu üç il ərzində bəyan etdiyi həyasız yalan və nağıllarına baxmayaraq, bu gün də “məxməri inqilab”ın baş gicəlləndirici “uğurları”nın ölkə iqtisadiyyatına verdiyi töhfələrlə bağlı heç bir fikirə sahib deyillər.

...Yeri gəlmişkən, bu arada, Nikolun xalqı yalanla doldurduğu bir məqamda, ermənilərin Statistika Komitəsi 2021-ci ilin birinci rübündə Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə xarici ticarət dövriyyəsinin 2020-ci ilin eyni dövrü ilə müqyisədə 9,3 faiz azalaraq 459,7 milyon dollar təşkil etdiyi barədə xəbər yayıb.

Statistikaya görə, Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə xarici ticarətinin mənfi saldosu, 2021-ci ilin birinci rübündə illik nisbətdə 26,1 faiz azalaraq idxalın azalması fonunda 151,8 milyon dollar təşkil edib.

...Burda deyirlər ey, “arvad döyən kişini it də tutar”...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə