“Rosatom” Çexiyada AES-in tikintisini dayandırır - QALMAQAL

Çex Respublikası Baş nazirinin müavini və Sənaye və ticarət naziri Karyol Qavlicek, “Pravo” qəzetinə verdiyi müsahibəsində yaxın bir neçə gün ərzində Rusiya dövlət korporasiyası “Rosatom”un “Dukovanı” AES-də yeni enerji blokunun inşası üzrə namizədlər siyahısından rəsmi olaraq çıxarılacağını elan etdi.

Nazir, şirkətin subpodratçı kimi hər hansı bir iştirakı qeyri-mümkün olacağını deyib.

Bir gün əvvəl, 18 aprel tarixində, “Rosatom”u Çex Respublikasında bir enerji bloku qurma imkanlarından məhrum etmə fikri Baş nazir Andrey Babiş tərəfindən dəstəklənib. Bunun səbəbi 2014-cü ildə Vrbetitse kəndi yaxınlığındakı bir sursat anbarında 2 nəfərin ölümü ilə nəticələnən partlayışın şərtlərinin aydınlaşdırılması idi.

Respublika səlahiyyətlilərinin verdiyi məlumata görə, hadisəyə Rusiya xüsusi xidmət orqanları qarışıb. Üstəlik, əvvəllər İngiltərə xüsusi xidmət orqanları tərəfindən keçmiş QRU zabiti Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə günahlandırılan ruslar Aleksandr Petrov (Aleksandr Mişkin) və Ruslan Boşirovun (Anatoli Çepiqa) partlayış baş verən ərazinin yaxınlığında görünməsindən söhbət gedir. Partlayıcı maddələrin məhz onlar tərəfindən qurulduğu ehtimal olunur.

Dukovanı nüvə stansiyasının inşasına 1974-cü ildə başlanıb. 1987-ci ilə qədər 4 enerji bloku istismara verilib. Həmçinin respublikada 2002-ci ildə istismara verilmiş “Temelin” AES də fəaliyyət göstərir. Hər iki stansiyanın yanacaq elementləri “Rosatom”un yanacaq divizionuna daxil olan Rusiyanın TVEL şirkəti tərəfindən təmin edilir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə