İsraildəki erməni səfirinə cinayət işi açılıb - ERMƏNİSTANDA

Ermənistanın İsraildəki səfiri, AOKS təşkilatının keçmiş sədri Armen Smbatyan mədəni tarixi abidələr siyahısına daxil olan binanın özəlləşdirilməsində keçmiş mədəniyyət naziri Asmik Poqosyana yardım etməkdə ittiham edilib. SİA xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Məlumata görə, 2006-cı ildə bu bina Poqosyan tərəfindən AOKS (Xarici ölkələrlə mədəni əlaqələr üzrə erməni icması – red.) sədri olan Smbatyana verilib. Bundan sonra AOKS-un MMC yaratdığı və onun kapitalı kimi bu bina, eləcə də torpaq sahəsinin göstərildiyi bildirilib. Belə ki, Smbatyanın yaratdığı MMC-nin səhmlərinin 100%-i daha sonra 550 min dollara Poqosyanın Virciniya adalarında qeydiyyatdan keçirdiyi başqa bir şirkətə satılıb.

Komitənin məhz bununla əlaqədar olaraq Smbatyanı səlahiyyətlərindən sui-istifadə və cinayət yoluyla qazanılan pulların yuyulması maddəsi ilə ittiham etdiyi bildirilib. Poqosyana da oxşar maddələrlə cinayət işinin açıldığı və axtarışa verildiyi vurğulanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə