Azərbaycan-Ermənistan münasibətlərinin perspektivləri müzakirə edilib

ABŞ-da fəaliyyət göstərən Milli Maraqlar Fondu Televiziyasının (The National Interest Foundation TV) təşkilatçılığı ilə müasir dövrdə insan hüquqları, rəqabət və Azərbaycanla Ermənistan arasındakı gələcək münasibətlərə həsr olunmuş onlayn tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirin panel müzakirələrində İllinoys ştatında fəaliyyət göstərən Günaz TV-nin rəhbəri Əhməd Obali, "TRT World" telekanalının analitik eksperti Yusuf Erim, Birləşmiş Suriyalılar və Amerikalılar Şurasının icraçı direktoru, xarici siyasət üzrə analitik və hüquq məsləhətçisi Həmdi Rifai iştirak ediblər.

Görüşün moderatoru Xaled Saffuri bildirib ki, 1995-ci ildə Azərbaycana səfər edərkən Dağlıq Qarabag bölgəsinə yaxın rayonları ziyarət edib. Qeyd edib ki, həmin dönəmdə etnik azərbaycanlıların Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayondakı evlərindən didərgin düşdüyünün və qaçqın düşərgələrində yerləşdirildiklərinin şahidi olub. Münaqişələrin insan həyatına, yaşam tərzinə təsir etdiyini vurğulayan moderator bu səbəbdən bütün müharibələrin sülhlə nəticələnməsinin vacibliyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən Əhməd Obalı çar Rusiyası tərəfindən ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı şəkildə Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərində məskunlaşdırılmasının tarixi barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, erməni təcavüzünün əsas məqsədi azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, deportasiya və terror siyasəti həyata keçirməklə tarixi və əzəli Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və müxtəlif yollarla onu genişləndirmək olub. Ermənilərin məkrli niyyətlərinin gerçəkləşdirilməsində havadarlarının da mühüm rol oynadıqları vurğulanıb. 12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisinə daxil olmayan, Azərbaycanın geosiyasi və iqtisadi əhəmiyyətli enerji-kommunikasiya xətlərinin keçdiyi Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirməyə cəhd etdiyinə, 27 sentyabr 2020-ci il tarixində isə bütün cəbhəboyu genişmiqyaslı hücuma keçməklə 44 günlük müharibənin başlanmasına səbəb olduğu, müharibənin Ermənistan ordusunun məğlub olması və darmadağın edilməsi ilə yekunlaşdığına diqqət cəlb edilib.
Daha sonra çıxış edənlər "TRT World" telekanalının analitik eksperti Yusuf Erim, xarici siyasət üzrə analitik və hüquq məsləhətçisi Həmdi Rifai də Ermənistanın işğalçılıq siyasətindən danışaraq ermənilərin dünyada yalan məlumatlar yaydığını qeyd ediblər. Bildiriblər ki, bütün bunlar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa və insanları həqiqətdən uzaqlaşdırmağa xidmət edir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə