Sovet kosmonavtı - 1961-ci il aprelin 12-də kosmosa uçan ilk insan - Yuri Qaqarinin həmin ərəfədə 27 yaşı olub. Həmin ərəfədə onun idarə etdiyi “Vostok” gəmisi saatda 27.000 kilometrdən bir az çox sürətlə uçmaq imkanında idi. Amma indi çoxları bilmir ki, həmin gün Qaqarin üçün son uçuş da ola bilərdi.
Beləliklə, gəlin, hər şeyə ardıcıllıqla nəzər salaq.
Elə 1961-ci ildə Volqa Hərbi Dairəsinin komandanı general Andrey Stuçenkoya səhər, o hələ yataqdaykən Kreml səlahiyyətlilərindən gözlənilməz bir zəng gəlir: “Yaxınlarda bir nəfər kosmosa uçacaq... Kosmonavt sizin xidmətdə olduğunuz əraziyə enəcək. Onun enişini, qarşılanmasını, təhlükəsizliyini təmin etməlisiniz. Təhlükəsizliyinə başınızla cavabdehsiniz”.
General Rusiyanın Saratov şəhərinin kənarındakı bir barakdakı yataqdan qalxır, hərbi dairənin xəritəsini çıxararaq baxmağa başlayır. Ərazini kvadratlara bölür. Sonra zabit və əskərləri yığdıraraq göstərişlərini verərək, onlara göyə baxmağı və qeyri-adi hər şeyi qeyd etmələrini əmr edir.
Bildirək ki, Yuri Qaqarin kəndli ailəsində doğulub. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnib. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq “Yak-18” təyyarəsində ilk dəfə sərbəst uçuş edir.
Yeri gəlmişkən bildirək ki, Yuri Qaqarin kosmosa hələ 1960-cı ilin dekabrında uçmalı idi. Amma uçuşa “Vostok” gəmisində baş verən faciə mane olmuşdu. Belə ki, həmən il oktyabrın 24-də Baykonurda yanacaqla doldurulmuş hərbi raket partlayır. Nəticədə 268 insan həlak olur. Qeyd edək ki, ölənlər arasında marşal Mitrofan Nedel də olur. Onu da qeyd edək ki, burada insanların bir çoxu diri-diri yanmışdı.
Bildirək ki, SSRİ-də daha əvvəl də insanın kosmosa yollanması ilə bağlı 6 cəhd yerinə yetirilib, amma onlardan 3-ü faciə ilə başa çatıb.
Beləliklə, 1961-ci il aprelin 12-də Baykonurdan start götürən “Vostok” gəmisi düz 108 dəqiqə sonra Yerə enir. Amma enişdən əvvəl, Qaqarin uçuş gəmisində yaranmış böyük bir problemlə üzləşir ki, bu da onun həyatının sonu ola bilərmiş. Lakin xoşbəxtlikdənmi və ya təsadüfdənmi bu baş vermir.
Onu da deyim ki, bunları gözə alan hakimiyyət xalqa elə əvvəldən 3 müraciət hazırlamışdı. Bunlardan birincisi- ilk uçuşun uğurlu olması, ikincisi- kosmik gəminin orbitə çıxa bilməməsi, üçüncüsü isə kosmonavtın faciəvi ölümü ilə bağlı idi. (Maraqlı nüans: bunu əvvəldən gözə alan Korolyov uçuş gəmisinin daxılına tapança və bir şüşə konyak qoyulmasını tapşırıbmış).
Bütün bunlara baxmayaraq, 1961-ci il aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçaraq, kosmosun fəthi erasının əsasını qoyub.
SİA-nın əlavəsi: ...Qaqarinin kosmosa uçuşu ərəfəsində, yəni 60-cı illərdə SSRİ-də baş verən və xalqdan gizlədilən hadisələrə artıq aydınlıq gətirilir. Məsələn, neçə illər Baykonurda yanacaqla doldurulmuş hərbi raket partlaması nəticəsində ölən 268 insan barədə xəbər xalqdan gizlədilirdi.
Daha maraqlı bir nüans: kosmosa uçuş ərəfəsində Yuri Qaqarini onu bütün göstəriciləri ilə üstələyən German Titovla əvəzləmək məsələsi qaldırılır. Lakin kosmik sistemlərin dizayneri Sergey Korolyov buna razılıq vermir. Əslində isə, göstərişin Nikita Xruşşov tərəfindən verildiyi iddia edilir. Məsələ bundadır ki, Germanın kosmosa uçan ilk insan olmasına mane olan onun adı olub. Xruşşov kocmosa rus adı olan Yuranı göndərmək istəyib, daha Zenfiranın qardaşı Germanı yox!
Xatırladım ki, Germanı Titovun bacısının adı Zenfira olub. Ona bu adı Germanın kənd müəllimi işləyən atası Stepan Titov Aleksandr Puşkinin əsərləri ilə tanışlıqdan sonra qoyub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə