Erməni mitinqçilər “tətilə” çıxırlar

Ermənilər özləri dedikləri kimi, xain baş naziri devirmək üçün neçə müddətdən bəri apardıqları mübarizənin ilk mərhələsinə ara verirlər. Deməli, kecirdikləri mitinqlərin paytaxt İrəvanda effekt vermədiyini görən müxalifətçi erməni başbilənləri, indi artıq neçə müddət idi ki, Ermənistanın əyalətlərinə üz tutmuşdular. Beləliklə, son mitinqi “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyan tərəfindən Sevan bölgəsində keçirən ermənilər, mübarizənin ikinci mərhələsinin Paşinyanın istefasından sonra keçirəcəklərini bildiriblər. İndi isə onlar, yenə də özləri demişkən, 14 günlük “tətilə” gedirlər.

SİA erməni mətbuatına istinad edir.

Ermənilər elə “əmindirlər” ki, deməli, Nikolu istefaya göndərəndən sonra, Paşinyanın yerinə göz dikən fraksiyalar yeddi gün ərzində boş yerə namizədlər irəli sürəcəklər. Əgər bu vaxt yeni baş nazir seçə bilməsələr, birinci səsvermədən 7 gün sonra yeni seçkilər keçiriləcək.

Əgər bu dəfə də yeni baş nazir seçilməsə, bu dəfə artıq ermənilərin birləşmiş müxalifətinin öz planları var. Bu planın təsəlliverici bəndlərindən biri də, Paşinyanın erkən seçkilərdən sonra, yəni yeni kabinet qurulana qədər baş nazir vəzifəsini icra etmək hüququna malik olmamasıdır.

Maraqlıdır, görən, Sevanda “böyük ideallar”dan dəm vuran İşxan Saqatelyan Ermənistanda baş nazir olmaq istəyirmi? Məsələ bundadır ki, o Robert Köçəryandan fərqli olaraq bu barədə heç nə deməyib. Köçəryan isə, məlum olduğu kimi, rus mətbuatına verdiyi elə ilk açıqlamasında Ermənistanda baş nazir olmaq üçün mübarizə aparacağını bildirib.

Qeyd edək ki, baş nazir olmaq istəyi barədə hələ ki, açıqlama verməyən Saqatelyan Sevandakı son çıxışı zamanı Paşinyanın ünvanına yaman döşəyib. Deyib ki, Nikol yalançıdır. Paşinyanın hələ 2018-ci ildə Sevanda məktəb binası inşa edəcəyini vəd etdiyini söyləyən Saqatelyan, Nikolun ötən üç il əzində sevanlılar üçün heç bir iş görmədiyini onlara xatırladıb. Saqatelyan sevanlılara xəbərdarlıq edib: “Baş nazir cəmiyyətin erkən seçkilərin keçirilməsinə ehtiyac olmadığına işarə edərək, əvvəllər olduğu kimi, koronavirus epidemiyası bəhanəsi ilə seçkilər keçirməkdən imtina edə bilər...”

Sevanda mitinq tribunasına qalxan keçmiş baş nazir Qrant Baqratyan isə 44 günlük müharibə zamanı ermənilərin “qalib gəlmək”(?) şansı olduğunu bildirib. Amma, sən demə, Paşinyan Qrant Baqratyan başda olmaqla onun ətrafının təkliflərinə məhəl qoymayıb. Təbii ki, bu da Qrantın Nikola “xain” deməyimizə əsas verir. Yeri gəlmişkən, Baqratyan mitinq zamanı özünün təcrübəli iqtisadçı olduğunu da nümayiş etdirib. Deyib ki, ötən il Paşinyan hökuməti bonuslara 120 milyon dollar xərcləyib ki, halbuki bu pulla 2000 mini-kamikaze dronu almaq olardı. Ona görə də, Ermənistan belə israfçı baş nazirdən tezliklə qurtulmalıdır.

Təbii ki, iqtisadçı dostunun fikirlərinə şərik olan müvəqqəti hökumətin baş naziri vəzifəsinə vətən qurtuluş hərəkatının namizədi Vazgen Manukyan hazırda “pis hökuməti yaxşı bir hakimiyyət”lə əvəzləmək üçün mübarizə apardıqlarını bildirib. O, bildirib ki, biz ermənilərin gələcək nəslinə “bir xaini bağışlamadığımızı” göstərməliyik. Ona görə də, ölkədə seçkilər keçirmədən belə, bu hökuməti getməyə məcbur etməliyik. Biz, yalnız bu halda öz “ləyaqətimizi” bərpa edə bilərik.

…Erməni saytlarının yazdığına görə, türklər demiş, nə yazıqlar olsun ki, Sevanda keçirilən mitinq elə də uzun sürməyib. Belə ki, sevanlı ermənilərə “gözəl” bir baş nazir olacaqlarını göstərmək istəyən “RPA”, “PAP” və “Ayrenik” kimi partiya liderlərinin edəcəkləri çıxışlar elə ürəklərində də qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə