“Bir ac qudurar, bir də yalavac...”

“Bir ac qudurar, bir də yalavac...”

Ötən gün “İnterfaks”a açıqlama verən erməni baş nazir Nikol Paşinyan Ankaranın İrəvana qarşı təcavüzkar(?) siyasətini dəyişdirməsinin lazım olduğunu bildirib. Ermənistan-Türkiyə sərhədinin rəsmi Ankara tərəfindən hələ 1993-cü ildən bağlandığını bildirən erməni baş nazir ölkəsinin hər zaman Türkiyə ilə münasibətlərin ilkin şərtlər olmadan normallaşdırılmasını müdafiə etdiyini bildirib. Paşinyana görə, Ermənistanın bu “humanistliyinə” qarşılıq verməyən Türkiyə hökuməti ermənilərə qarşı “düşmənçiliyi” bu gün də davam etdirir. Erməni baş nazir 2020-ci ilin sentyabr-noyabr aylarında Dağlıq Qarabağdakı döyüşlər zamanı Türkiyənin Azərbaycana göstərdiyi münasibəti Ankaranın ermənilərə qarşı düşmənçilik siyasətinin “ən bariz nümunəsi” kimi göstərib.

Nikola görə, Ankara bölgədəki imicini bərpa etmək üçün Ermənistana qarşı “təcavüzkar siyasət”ini dəyişdirməlidir.

SİA bu barədə erməni mətbuatına istinad edir.

Maraqlıdır ki, erməni saytları Paşinyanın hakimiyyətdə olduğu üç il ərzndə nədən indi bunları sadaladığına “təəccüb” nümayiş etdirirlər. Təbii ki, bunu erməni xislətliliyi kimi də qələmə vermək olar. Əslində, Ermənistanın bugünkü mövcud vəziyyəti rəzil günə düşən erməniləri seçim qarşısında qoyub. Məsələn, bu gün bir çox ermənilər Türkiyə ilə sərhədlərin açılmasının yeganə iqtisadi nəticəsi kimi Ermənistan bazarlarında Türkiyənin iqtisadi genişlənməsini görürlər. Məsələ bundadır ki, onlar heç vəclə bununla razılaşmaq istəmirlər.

Amma bəzi ermənilər də Ermənistan-Türkiyə sərhədinin açılacağı təqdirdə bölgənin və eyni zamanda Ermənistanın iqtisadi görünüşünün dəyişə biləcəyini gizlətmirlər.

Lakin, nə deyəsən ki, qarşındakı ermənidir. Çünki onların əksəriyyəti hələ də bu dəyişmiş görünüşdə Ermənistanın üstünlüklü xüsusiyyətlərinə yer olacağı ehtimalının ola biləcəyinə az ehtimal edirlər.

Məsəl var, deyərlər, “yuxarıda yeri yox, aşağını da bəyənmir”. Mən burada Sizlərə yenidən erməni xisləti barədə “bazar açmaq” istəmirəm. Əslində, bu gün ermənilər Türkiyənin Ermənistanı blokdan çıxartması məsələsini birmənalı olaraq qarşılayırlar. Ermənilərə görə, buradakı barışıq, iqtisadi əməkdaşlıq və s. öz yerində, amma türklərin bu günə qədər ermənilərə qarşı göstərdikləri münasibət “təcavüz” kimi qəbul edilməlidir. Buna görə də, İrəvan, sadəcə olaraq “tələb etməli, hər zaman şərt qoymalı və soyqırımın növbəti ildönümü ərəfəsində bu problemi türklərə xatırlamamalıdır”. Erməni dərrakəsinə görə, burada bazarlıq etmək yersizdir”.

...Necə deyərlər, bir ac qudurar, bir də yalavac!

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə