Festival gənclərə baha başa gəldi

Belçikanın paytaxtı Brüsseldə bir qrup gənc 1 aprel zarafatı olaraq musiqi festivalı təşkil etmək qərarına gəlib. SİA xəbər verir ki, Brüsselin mərkəzindəki parklardan birində bir neçə gündür sosial mediada reklam edilən "La Boum" adlı musiqi festivalının keçiriləcəyi bildirilib.

Elanlarda festivalda onlarla məşhur musiqiçi və DJ-in iştirak edəcəyi, koronavirusla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməyəcəyi qeyd olunub.

Lakin sonradan bunun 1 aprel zarafatı olduğu üzə çıxıb və təşkilatçılar sosial şəbəkələrdə festivalın keçirilməyəcəyini, bunun 1 aprel zarafatı olduğunu paylaşıblar. Buna baxmayaraq minlərlə gənc parka axın edib. Brüssel polisi koronovirus tədbirləri səbəbilə bir yerə toplaşmanın qadağan olması ilə bağlı gənclərə xəbərdarlıq edib.

Gənclər ərazidən dağılmadığı üçün polis su şırnağı və gözyaşardıcı qaz istifadə etmək məcburiyyətində qalıb. Atlı polislərin də qatıldığı müdaxiləyə reaksiya göstərən gənclər polisə şüşə və daş ataraq cavab veriblər. Polislə gənclər arasında baş verən qarşıdurmada çox sayda insan yaralanıb. Ətrafdakı bir çox polis avtomobilinin şüşələri qırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə