Martın 27-də Çinlə İran arasında uzunmüddətli iqtisadi əməkdaşlığı və digər qarşılıqlı maraqları özündə ehtiva edən sənəd imzalanıb. Sənəd iki ölkə arasında strateji əməkdaşlıq platformasının dərinləşdirilməsinə hesablanıb və qarşıdan gələn 25 ili əhatə edəcək. Sənədi Tehranda Çinin Xarici İşlər naziri Van Yinlə iranlı həmkarı Məhəmməd Cavad imzalayıblar. SİA-nın məlumatına görə, bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, Azərbaycan bu müqavilədən ciddi dividentlər qazana bilər:
"Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 milyard dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır – yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin günə 13,5 mln. barel neft istehlak edir, bu həcmin 6-6,5 mln. barelini Çin özü ərazisində hasil edir, günə 7-7,5 mln. barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə, İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tədbiqindən sonra İran günə 6 mln. barelə yaxən neft hasil edə, onun 4-4,5 mln. barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10% aşağı olacaq, bu Çin üçün çox böyük üstünlükdür. İran üçün də, təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də "discount” etməyə məcbur qalacaqlar.
Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Amma, əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bunun təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynama ehtimalı var”.
Ekspert bildirib ki, Rusiya bu müqavilədən razı deyil: "Çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır – İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu qaza da aiddir – müqaviləyə görə, Çin Benderebas limanını da modernləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək”.
Natiq Cəfərlinin sözlərinə görə, hazırda regionda maraqlı proseslər gedir: "İran qaz ehtiyatlarına görə dünyada birinci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkəyə çevriləcək. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər. Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 milyard dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB