Myanmada etiraz aksiyaları zamanı ölənlərin sayı 138 nəfərə yüksəlib

Myanmada etiraz aksiyaları zamanı ölənlərin sayı 138 nəfərə yüksəlib

Myanmada hərbi çevrilişə qarşı etiraz aksiyalarının qarşısının alınması zamanı ölənlərin sayı 138 nəfərə yüksəlib, onların 50-dən çoxu şənbə və bazar günləri həlak olub.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib. O bildirib ki, BMT Ali komissarının idarəsinin məlumatına görə, fevralın 1-dən bu günədək dinc nümayişlərin 138 iştirakçısı, o cümlədən qadınlar və uşaqlar öldürülüb. Bu sıraya dünən öldürülmüş 38 nəfər daxildir, daha 18 nəfər isə şənbə günü qətlə yetirilib.

Xatırladaq ki, fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin komandanı Min Aunq Hlaynın əlinə keçib, vitse-prezident Mint Şve isə prezident səlahiyyətlərinin icraçısı təyin olunub. Myanma Prezidenti Vin Min, dövlət müşaviri Aun San Su Çji, həmçinin digər yüksək vəzifəli məmurlar həbs edilib. Onlar 2020-ci il noyabrın 8-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə