Deyirlər, dünyada ən asan şey başqasına məsləhət verməkdir. Əslində, bu, mənim kəşfim deyil deyə, ona görə də “deyirlər” yazıram. Amma ermənilərə “məsləhət vermək” üçün durub İrəvana gələn “Seqodnya.ru” portalının baş redaktoru, hərbi müxbir Yuri Kotenokun (familyanı yeyəsən) məsləhəti, deyəsən, elə-belə məsləhətlərdən deyil. Nə qədər olmaya, köhnə hərbi yazarıdır axı. Məsələ bundadır ki, o, məsləhət verməkdən əlavə, hərb sənətinin xırdalıqlarını da ermənilərə aşılamağa çalışıb. Əslində, onun dediklərini dinləyərkən, bu adamın necə bir adam olduğunu da sezmək elə də çətin deyil.
Deməli, mən belə başa düşürəm ki, bundan sonra Ermənistandakı “casus” axtarışına Kotenok da cəlb ediləcək.
Çünki o ingilis xeyriyyə və Amerika qeyri-kommersiya təşkilatı olan “HALO Trust”, onun xəfiyyələri barədə xeyli məlumata malikdir. Ona görə də bu gün Ermənistanda yaranmış vəziyyətdən istifadə etməyə çalışan Yuri Kotenok erməniləri yararlandırmaqla yanaşı, elə özü də yararlanmaq istəyir.
Amma, deyəsən, bir şeyi unudur axı... Yəni, ermənilərin hazırda pul sarıdan korluq çəkdiklərini, demək istəyirəm. Nə bilmək olar? Amma mən Kotenokun ermənilərə elə-belə, yəni havayı məsləhət verəcəyinə də inanmıram.
Nə isə, tarixə baş vurub “HALO Trust”, onun rəhbər və əməkdaşlarının qarasına döşəyən rus “mütəxəssis” təşkilatın bir çox “fırıldaq”ları ilə qarşılaşdığını bəyan edəndən sonra keçir əsas məsləyə. Yəni, ermənilərin 44 gün ərzində burunlarının əzildiyi müharibəyə.
Kotenok burada “həssas” erməni xalqının müharibə vaxtı meydanda “tək qaldığını” xatırladaraq, Qərbin ünvanına da bir xeyli “gileylənir”. Çünki, o da bəzi həmkarları kimi, işin təkcə, Rusiya ilə aşa biləcəyini yaxşı anlayır. Təbii ki, Kotenok elə müharibənin ilk günündən Rusiyanın erməniləri təkcə silahla deyil, həm də xaricdən gətirtdiyi terrorçularla təmin etdiyini dilinə belə almır. Amma verdiyi məsləhətlər “dəyərlidir”. Kotenok deyir ki, bu gün Qərbdən kömək gözləyən Ermənistan Qərb “multikulturalizm qayığı”na giriş üçün pul ödəməlidir. Əslində, hazırda pul məsələsinin ermənilərin ən ağrılı yeri olduğunu Kotenok bəzi ermənilərdən də yaxşı anlayır.
Ona görə də, valı dəyişib, xarici dövlətlərin Türkiyə və Azərbaycana göstərilən yardımı “məlum bir həqiqət” kimi onlara eşitdirir.
Bu yerdə rus “mütəxəssisə” deyən gərək, dediyin xarici dövlətlər indi sənin yaltaqlanıb pul qoparmaq istədiyin ermənilərə niyə həmin yardımdan etmədilər? Axı, ermənilər, təbii ki, bizimlə müqayisədə, Avropaya “bir köynək” yaxın olmalıdırlar.
Çünki Kotenok da digər rus həmkarları kimi, ermənilərin artıq Qərbdə yaxşı tanındığını çox gözəl anlayır. Əslində, verdiyi məsləhətlərin keçərli olmadığını anlayan rus hərb yazarı, bundan sonra keçir təsəlliyə. Deyir ki, daha ermənilərin bundan sonra nədənsə qorxmağa elə də bir əsasları olmamalıdır. Çünki bu gün “dünyada sülh təcəssümü kimi tanınan Rusiya sülhməramlıları” artıq bölgəyə gətirilib.
Amma Kotenok bu yerdə yenidən qayıdır ermənilərə məsləhət verməyə. Deyir, bundan sonra dünyadakı bütün erməni diasporasının topladığı pulları, təbii ki, onun kimiləri yola salandan sonra, ermənilər hərbi müəssisələrin dirçəldilməsinə, iqtisadiyyatın genişləndirilməsinə və s. xərclənməlidirlər.
...Yeri gəlmişkən xatırladım ki, bu gün ermənipərəst Yuri Kotenoku əndiləşdirən daha çox bir müddət bundan əvvəl Ankara ilə Kiyev arasında qarşılıqlı anlaşmanın əldə edilməsidir. Belə ki, o bir müddət əvvəl, Qarabağdakı hadisələrin Donbasdakı Kiyev birləşmələri tərəfindən sinxronlaşdırılmış şəkildə təkrarlana biləcəyini bildirmişdi.
Qeyd edək ki, Kotenoku qorxudan təkcə, Ankara- Kiyev yaxınlaşması deyil. Məsələn, o, Türkiyənin Dağıstan istiqamətində tam hüquqlu türk bazaları yaradacağından ehtiyatlanaraq, Rusiya rəhbərliyini son dərəcə vacib və problemli müdafiə sahəsini yenidən gücləndirməyə çağırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB