Erməni marketləri türk malları ilə “dolu”dur...

Erməni marketləri türk malları ilə “dolu”dur...

Ermənilər Azərbaycan mediasının İrəvan marketlərində Pakistan düyüsünün satılması barədə məqalə dərc edildiyini bildirirlər. Guya Azərbaycan mediası, tezliklə erməni marketlərinin türk və Azərbaycan malları da alacaqlarını bildirib. Erməni etirafına görə, azərbaycanlıların burada “tezliklə” sözünü işlətməsi yersizdir. Çünki bu gün təkcə İrəvanın özündə deyil, əyalətlərindəki marketlər də türk və Azərbaycan malları ilə “dolu”dur. Belə ki, bu gün erməni marketlərindəki rəflərdə etiketləri Azərbaycan dilində olan malların sayı artır.
SİA bu barədə erməni mətbuatına istinad edir.
Xatırladaq ki, ötən ilin sonundan etibarən Ermənistanda altı ay müddətinə türk mallarının idxalına qadağa qoyulmuşdu. Ermənilər bunu Türkiyənin Azərbaycana göstərdiyi “yardımla” əlaqələndirirdilər. Bundan əlavə, onlar bunu ermənilərin təhlükəsizlik komponenti ilə əlaqələndirirdilər. Doğrudan da, nə bilmək olar, türklər həmin mallara zəhərdən-filandan da qata bilərlər. Ona görə də, təcili olaraq bunun qarşısı alınmalıdır. Ay aldın ha...
Bu dəqiqə ac ermənilər az qala, bizlərdə deyildiyi kimi, “qılınca çapır”. Beləliklə, o vaxt ölkədəki məhdudiyyət, ilk olaraq, altı aylıq nəzərdə tutulmuşdu. Guya altı aydan sonra Ermənistan özü təkcə, Türkiyə və Azərbaycanı deyil, hətta “dünyanın yarısını” gündəlik tələbat malları ilə təmin edəcəkdi. Bəs, nə oldu? Həmin məhdudiyyətdən heç iki ay keçməyib, amma ermənilər özləri etiraf edirlər ki, bu gün İrəvanın mərkəzindəki “Yerevan City”, “Tsirani” supermarketləri türk və Azərbaycan malları ilə “dolu”dur.
Məsələ bundadır ki, Ermənistanda üçüncü ölkələrin mallarının Azərbaycan dilində etiketlənməməsi ilə bağlı birbaşa qadağa yoxdur. Buna ancaq ölkənin İqtisadiyyat Nazirliyinin səlahiyyəti çatır. Erməni iqtisadiyyat naziri Vaan Kerobyan da Azərbaycanla sərhədlərin açılmasını mümkün hesab edir. Onun sözlərinə görə, (buna iştah da demək olar) bu ermənilərin iqtisadi inkişafı üçün geniş imkanlar yaradacaq. Guya bu kontekstdə, ehtimal ki, Türkiyə limanları vasitəsilə Azərbaycan bazarı da erməni malları alacaq.
Maraqlıdır ki, bu arada marketlərin birində erməni alıcılarından biri “ermənilərdəki milli ləyaqət” hissini əsas gətirərək, heç bir türk və ya Azərbaycan malını almadığını bildirib. Onun fikrincə, bu gün erməni hakimiyyətində olan səlahiyyətlilər bu hissdən tamamilə məhrumdurlar. (Bax, budur erməni “qüruru”, ac qalar, amma türk malı “yeməz...”)
Amma məsələ bundadır ki, İrəvandakı təkcə böyük marketlər deyil, hətta küçə ticarətcilərinin də ən çox alıcı cəlb etdiyi türk mallarıdır.
Belə çıxır ki, türk mallarından imtina siyasəti Ermənistanda yarımayıb. Çünki erməni etirafına görə, dost ölkələrdən mal çatdırılması cəhdləri də hələ ki, baş verməyib.
Belə görünür ki, tarix təkrarlanır. Axı, bu türklərin erməniləri məhv olmaqdan qoruduqları ilk hal deyil.
Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə