Səddam Hüseynin qızı 15 illik sükutdan sonra nələr danışdı? - VİDEO

Səddam Hüseynin qızı 15 illik sükutdan sonra nələr danışdı? - VİDEO

Keçmiş İraq lideri Səddam Hüseynin qızı 15 illik sükutdan sonra bir müsahibə verib. Material Səudiyyə telekanalında efirə verilib və dərhal sensasiyaya çevrilib. Raqad Səddam Hüseyn atasının imicini bərpa etməyə çalışıb. Siyasi analitiklər bunun Səudiyyə planının bir hissəsi olduğuna inanırlar.

52 yaşlı Raqad Səddam Hüseyn siyasi xadim deyildi. Üstəlik, 15 il ərəb ekranında görünmədi və medianın diqqətini heç çəkmədi. Eyni zamanda, atasının tərəfdarları tərəfindən populyar olaraq qaldı. Bütün bunlar Səddam Hüseynin sirlərinin qoruyucusu sayılan Raqadın müsahibəsinə böyük maraq doğurdu.

Veriliş zamanı Səddam Hüseynin qızı qara bir axşam geyimi və üzərində İraqın bayrağı, gerbi ilə döş nişanları olan, "İraq Respublikası" sözləri yazılmış qartal təsvirli bir jaket geymişdi.

Raqad Səddam Hüseyn müsahibə zamanı atasının hakimiyyətini necə xatırladığını təsvir edib. Onun sözlərinə görə, xatirələri o hadisələrin tam mənzərəsini əks etdirməyə bilər, çünki hələ də ölkə başçısının qızı idi. Bununla belə, Raqad Səddam Hüseyn əmindir ki, keçmişdə İraq vətəndaşları daha yaxşı yaşayırdılar.

“O dövrdə daha yaxşı idi, xalqın hörmətlə qarşılandığı və heç kimin onları incidə bilmədiyi şərəfli bir dövr idi. İnsanlar öz övladlarının etibarlı və dolanışığını təmin etdiklərinə inanırdılar”- o deyib.

Bu sözlərdən sonra jurnalist həmsöhbətinə o dövrdə ölkədə azadlığın olmadığını xatırladıb.

“Azadlıq nədir? Mənə izah edin. Həqiqətənmi siz diktatura ilə mübarizə və demokratiya qurmaq şüarı altında işğalçı qüvvələrin nifaq və xaos gətirdiyi bugünkü İraqda baş verənləri azadlıq hesab edirsiniz? Bu azadlıqdırsa, iraqlıların belə azadlığa ehtiyac yoxdur. Xalqdan özünüz soruşun, sizə deyəcəklər”- Raqad Səddam Hüseyn cavab verib.

Onun sözlərinə görə, Bağdadda demək olar ki, hər gün partlayışlar eşidildiyi, raketlərin ölkə ərazisinə düşdüyü bir zamanda insanlar gələcəklərindən əmin deyillər, bu, demokratiyanın zəfəri sayıla bilməz.

Raqad Səddam Hüseyn də qeyd edib ki, edam olunan İraq başçısı qızlarının siyasətə qatılmasına əsla mane olmadı, ancaq özləri onunla maraqlanmadılar.

“Amerikalıların İraqın işğalı və atamın həbsi məni siyasətin mərkəzində olmağı və onu ləkələmək üçün aktiv cəhdlərə müqavimət göstərməyə vadar etdi. Daha sonra iranlılar qanuni bir əsas olmadığı halda İraqı ələ keçirdilər və ölkə asan bir yemə çevrildi. Ciddi bir müqavimət olmadı, bu səbəbdən İran müdaxiləsi həddindən artıq böyük miqyas aldı”-deyə xanım Raqad vurğulayıb.

Bağdadın süqutundan sonra ailəsinin bir çox çətin vəziyyətdən keçdiyini və İordaniya ilə Suriya arasında köçdüyünü əlavə etdi. Raqad uzun illərdir Səudiyyə Ərəbistanında yaşayır.

Bu müsahibədən sonra Orta Şərq politoloqları Səddam Hüseynin qızının artan siyasi çəkisi barədə danışmağa başlayıblar. Eyni zamanda, bəziləri, böyük bir regional maliyyə mənbəyi və siyasi oyunçu olan Səudiyyə Ərəbistanının Raqadla maraqlanacağını iddia edirlər. Bu ölkənin kanalında material yayımlandı. Siyasi analitiklər, Ər-Riyadın İrana qarşı mübarizədə bütün qüvvələri öz ətrafına birləşdirməyə çalışdığına inanır.

Bu müsahibə sonuncu olmayacaq. Bir çox mesajı daşıyacaq bir sıra belə görüşlərin təşkil olunacağı gözlənilir. Suriyalı politoloq Əbdül Qadir Naana “bu, məşhur bir Səudiyyə fəndidir"- deyə şərh edib.

“Bu, kompleks bir layihənin hazırlanması və onun icrası üzərində işləmək demək deyil. Əvvəlcə müəyyən fiqurları müəyyən hərəkətləri etməyə sövq edirlər və sonra üz çevirirlər. Raqadın iştirak etdiyi istənilən siyasi layihə uğursuzluğa məhkumdur”- deyə Naana Facebook-da yazıb.

Elçin Bayramlı

Verilişin orijinalına buradan baxa bilərsiniz

https://www.youtube.com/watch?v=p8zGCifa4Do

Bütün xəbərlər Facebook səhifəmizdə