Əsgərlərimizin “özbaşınalıqları” erməni MTX-nın başında sınır

Ötən gün ermənilərin bir sıra Telegram kanalları və kütləvi informasiya vasitələri azərbaycanlıların Syunikin paytaxtı Qapan ətrafında erməni nömrəli maşınlarla gəzdiklərini və əraziləri lentə aldıqlarını təqdim ediblər. Təbii ki, bu, bəzi ermənilərə inanılmaz görünüb. Amma onları sakitləşdirməyə çalışan Ermənistan Milli Təhlükəsizlik Xidməti görüntülərin köhnə olduğunu bəyan edib. Təhlükəsizlik Xidməti videonun Rusiya “sülhməramlıları”nın müşayiəti ilə razılaşdırılmış bir hərəkət zamanı, üçtərəfli işgüzar görüş zamanı çəkildiyini bildirib.

SİA erməni mənbələrinə istinad edir.

“Ermənistan-Azərbaycan sərhədçiləri rusiyalı həmkarları ilə birlikdə hazırda Goris-Qapan dövlətlərarası magistral yolunun Şurnux-David-Bek hissəsində yerləşdirilməsi üzərində işləyirlər”. Bunu bəyan edən Ermənistanın Milli Təhlükəsizlik Xidməti ermənilərin “yersiz həyəcanlanmalarının” əsassız olduğunu, artıq ölkənin bütün sərhədlərinin Təhlükəsizlik Xidməti qoşunları tərəfindən “nəzarətə götürüldüyünü” bildirib.

Maraqlıdır ki, burada erməniləri qane etməyən bilirsiniz nədir? Ermənilərə görə, Milli Təhlükəsizlik Xidmətinin olanları “şayiə” adlandırıb, ictimaiyyətin narahatlığını əsassız hesab etməsi. Onlar üçün baş verənlərin dünən və ya dörd ay əvvəl olduğu elə də vacib deyil.

Məsələn, erməni hərbi ekspert Tiqran Abramyana görə, ermənilər hələ də keçirilən üçtərəfli görüş və bu görüşün yekunları barədə məlumatsızdırlar.

Bu, öz yerində, bəs, niyə, ermənilərin Milli Təhlükəsizlik Xidməti azərbaycanlılara Ermənistan ərazisində çəkiliş aparmağa icazə verib? Bax, erməni hərbi ekspertə (görən, təkcə onamı?) yer eləyən də budur. Elə buna görə də erməni sual edir: ermənilər Azərbaycan ərazisində bu cür hərəkətlər edə bilərdilərmi, yəni Azərbaycanda olan obyektlərin video çəkilişlərini apara bilərdilərmi? Təbii ki, yox! O dəqiqə burunları əzilərdi...

Maraqlıdır ki, bu sualları Milli Təhlükəsizlik Xidmətinə ünvanladığını bildirən Abramyan qarşı tərəfdən hələ də cavab almadığını bildirir. Təbii ki, cavab olmayacaq da. Çünki həmin vaxt “xilaskar” kimi rusları görən ermənilərin Milli Təhlükəsizlik Xidməti azərbaycanlılara qarşı heç bir məhdudlaşdırıcı tədbirlər görmək iqtidarında deyildi.

Bundan əlavə, hazırda demək olar ki, Ermənistandakı bütün politoloqlar və siyasətçilər bu barədə danışırlar, qışqırırlar və xəbərdarlıq edirlər: ay ermənilər, qoymayın, Syunik dəhlizi Azərbaycana verilib. Qeyd edək ki, bunu artıq erməni saytları da təsdiq edirlər. Ermənilər bununla bağlı Paşinyandan hələ də dəqiq cavab gözlədiklərini desələr də, Nikolun hələ də susduğunu bildirirlər.

Maraqlıdır ki, bu arada ermənilərin Milli Təhlükəsizlik Xidməti Paşinyan tərəfindən imzalanan gizli bir sənədin olduğu barədə məlumatı da təsdiqləyib.

Xatırladaq ki, bir müddət bundan əvvəl keçmiş baş nazir Qant Baqratyan Ermənistan, Rusiya və Azərbaycan arasındakı memorandumla bağlı 11 fevraldakı “sensasion” bəyanatından bəhs etmişdi. O, həmin sənədin ilk bəndində Qubadlı və Zəngilan hissələrinin 10 noyabr tarixli üçtərəfli bəyanatında nəzərdə tutulmayan hissələrinin də Azərbaycana veriləcəyindən, Goris - David-Bek və Kapan - Çakaten yollarında təhlükəsiz trafik məsələsinin tənzimlənəcəyini bildirmişdi. Qant Baqratyana görə, bu da Paşinyan və komandasının xalqdan gizli saxladığı çoxsaylı məsələlərdən biridir.

Maraqlıdır ki, erməni hərbçi Qant Baqratyanın dediklərinə etinasızlıq göstərməsə də, məlum bəyanat və sənədlərdən başqa Paşinyanın “razılıqla bağlı” başqa bir sənədin də olduğunu israr edir.

Yeri gəlmişkən, azərbaycanlıların Qapan küçələrində etdikləri “özbaşınalıqların” acığını ermənilər ölkənin Milli Təhlükəsizlik Xidmətinin adını dəyişdirməkdə görürlər. Onların fikrincə, Milli Təhlükəsizlik Xidməti Nikol Paşinyan dövründə Ermənistanın hər hansı bir ölkəsi üçün ən vacib şöbə, dövlətin deyil, bir fərdin mənafeyinin gözətçisi oldu. Bundan əlavə, dövlətin və xalqın milli təhlükəsizliyini təmin edə bilməyən Milli Təhlükəsizlik Xidməti, açıq şəkildə bəyanatları ilə ictimaiyyətin ayıqlığını sarsıtmağa çalışır. Bununla da bütün daxili və xarici anti-erməni planlarının və istəklərinin maneəsiz həyata keçirilməsini asanlaşdırır.

...Deyəndə ki, Azərbaycan Əsgərinin “özbaşınalıqları” hansısa erməninin başında sınacaq, amma siz bunu qəribliyə salırdız.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə